Sahibkarlığa Kömək Milli Fondundan 10 min manat kredit götürən sahibkardan 4 min manat rüşvət istəyirlər
well/Aran agentliyi
Sahibkarlığa Kömək Milli Fondundan 10 min manat kredit götürən sahibkardan 4 min manat rüşvət istəyirlər
“Mənə dedilər ki, bu 4 min manat məsələsindən Fondun rəhbəri Şirzad Abdullayevin özü də xəbərdardır”
Azərbaycanda kiçik və orta sahibkarlara məmurlar qan uddurur. Bir xeyli vaxtdır ki, “Kiçik və orta sahibkarlar üçün hüquqi məsləhət mərkəzləri” adlı layihəni icra edən Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyinə daxil olan müraciətlər də bunu bir daha sübut edir.
Məsələn, yardım üçün təşkilata üz tutan Ağsu rayon sakini, sahibkar Ömər Babayevin başına elə bir oyun gətiriblər ki, o, canına qəsd eləmək niyyətinə düşüb. Bu barədə “Azadlıq”a məlumat verən Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyinin rəhbəri Iradə Cavadovanın sözlərinə görə, Ömər Babayevin Ağsuda torpaq sahəsi var və orada 13 ildir heyvandarlıqla məşğuldur. Heyvandarlığın inkişafı üçün onun təxminən 10 min manat kreditə ehtiyacı var.
Dövlət başçısının da 7 oktyabr 2009 tarixli 162 nömrəli fərmanı ilə sahibkarlığın inkişafı məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Ona görə də Ömər Babayev kredit almaq üçün Iqtisadi Inkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatları olan yerli banklara müraciət edib. Lakin yerli müvəkkil kredit təşkilatları hər dəfə sahibkardan səbəbsiz olaraq 10 min manatlıq güzəştli kreditin əvəzində 4 min manat pul istəyiblər.
Sahibkarın Iqtisadi Inkişaf Nazirliyi, Sahikarlığa Kömək Milli Fondunun rəhbərliyinə bu barəsində çoxsaylı müraciətləri isə 8 aydır ki, nəticəsiz qalıb. Bu müddətdə Ömər Babayev Fondun direktoru Şirzad Abdullayevdən tutmuş, onun müavini F.Budaqov, idarə rəisi Mahir Babayev, aparatın rəhbəri Samir Vəliyevə qədər bir xeyli məsul şəxslərlə telefonla danışaraq, rüşvət tələbi faktını onların da diqqətinə çatdırıb. Amma hər dəfə verilən cavab bu olub: “Ərizənizə baxılıb sizə cavab veriləcək”.
Nəhayət, bu il aprelin 1-də Ağsuda üç rayonun (Ismayıllı, Şamaxı, Ağsu) sahibkarları ilə Fondun direktoru Şirzad Abdullayev və icra başçısı Ənvər Seyidəliyevin iştirakıyla görüş keçirilib. O görüşdə Ömər Babayev icra başçısına bildirib ki, Ağsudakı “Ləman bank” ondan 10 min manat kreditə görə 4 min manat “şapka” istəyib. Ömər Babayevin buna etiraz etdiyini görüncə, bildirilib ki, bank yalnız Fondun direktoru Şirzad Abdullayevin razılığıyla kredit verə bilər. Üstəlik, sahibkara onu da deyiblər ki, 4 min manat məsələsindən Şirzad Abdullayevin özü də xəbərdardır...
Lakin icra başçısı sahibkarın müraciətinə laqeyd yanaşıb.
Iradə Cavadova deyir ki, məmurların bu qəbildən olan şikayətlərə laşeyd yanaşmasının nəticəsidir ki, hər ay rəhbərlik etdiyi birliyə onlarla bu cür müraciətlər daxil olur: “Büdcədən kiçik sahibkarlığın inkişafı üçün ayrılan bu vəsaitlərlə bağlı məmurların bu cür qərarlar verməsi kiçik sahibkarlığın inkişafına dövlətin dəstəyinə ciddi xələl gətirir. Bu hallar vətəndaşlar arasında haqlı narazılıqlara səbəb olmaqla iqtisadi inkişafı ləngidir. Kiçik və Orta Sahibkarlar üçün Hüquqi Yardım Mərkəzləri son iki ayda onlarla bu cür faktlar haqqında müraciətlər alıb. Bu cür korrupsiya şikayətlərinin ciddi araşdırılmaması korrupsiyaya qarşı mübarizə haqda bəyanatları da şübhə altına almağa əsas verir”.
/news/Azadlıq