Avropa Parlamentinin nümayəndə heyəti Avropa Parlamenti və Azərbaycan arasında əməkdaşlıq Komitəsinin 11-ci görüşü ilə bağlı Bakıda səfərdədir
well/Aran agentliyi
Avropa Parlamentinin nümayəndə heyəti Avropa Parlamenti və Azərbaycan arasında əməkdaşlıq Komitəsinin 11-ci görüşü ilə bağlı Bakıda səfərdədir. İyunun 20-də Avropa Parlamentinin ölkənin aparıcı ictimai xadimləri ilə mətbuatın iştirakı olmadan, qapalı görüşü keçirilib. Görüş zamanı ölkədə mövcud olan sosial-iqtisadi, dini etiqad və vicdan azadlıqları ilə bağlı mövzular müzakirə edilib. Tədbirdə Azərbaycan tərəfdən insan haqları müdafiəçisi Arzu Abdullayeva, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, iqtisadçı-ekspert Qubad İbadoğlu, Anar Məmmədov, "Turan" İA-nın rəhbəri Mehman Əliyev və politoloq Leyla Əliyeva iştirak edib. Eyni zamanda Avropa Birliyinin Azərbaycan nümayəndəsi səfir Roland Kobia da iştirak edib.
Görüş barədə "Deyerler.org"a danışan Hacı İlqar İbrahimoğlu bildirib ki, çox maraqlı bir görüş keçib: "Mətbuata qapalı bir görüş olduğundan, detalları açıqlamaq istəməzdim. Amma ona toxuna bilərəm ki, Avropa Parlamentinin təmsilçiləri parlamentin bütün fraksiyalarını əhatə edirdi. Görüşdə bizimlə iştirak edən həmkarlarımız bir çox məsələlərə toxundu. Biz də öz növbəmizdə dini etiqad və vicdan azadlıqları ilə bağlı yaranmış böhranlı vəziyyəti, xüsusilə son altı ayda hicabla bağlı olan qadağa nəticəsində inanclı insanların övladlarının təhsildən məhrum olmasını və bu qadağaya etiraz olaraq, sərbəst toplaşmaq azadlıqlarından istifadə edib mövqe sərgiləyən insanların həbsini qeyd etdik. O cümlədən AİP sədri Mövsüm Səmədovun və onunla birgə həbs olunan partiya yoldaşlarının, eləcə də hicab qadağasına etiraz edərkən həbs edilən ilahiyyatçılar Hacı Tale Bağırovun, Azər Cəbiyevin, Fəxri İlyasovun, ziyalı Hacı Vaqifin, axund Seyyid Fəramizin və digər ruhanilərin xuliqanlıq və bu kimi məsələlərə aidiyyatlarının olmadığını, onların məhz vicdan məhbusu olduğunu bildirdik. Bu kimi məsələlər, görüşün bizim istiqamətimizə aid olan müzakirələrin əsas mövzusu oldu".
/news/Deyerler