Tarix : 2011 Jun 21
Kod 23514

İctimai Palata məhəllə, həyət və qəsəbə mitinq komitələri yaradır

İctimai Palata (İP) bəyanatla çıxış edərək bazar günü Bakıda keçirilən aksiyanın polis tərəfindən dağıdılmasını qəti şəkildə pisləyib
well/Aran agentliyi

İctimai Palata (İP) bəyanatla çıxış edərək bazar günü Bakıda keçirilən aksiyanın polis tərəfindən dağıdılmasını qəti şəkildə pisləyib.

Bəyanatda deyilir ki, Bakı şəhər İcra Hakimiyyəti Konstitusiya və sərbəst toplaşma haqqında qanunu pozaraq İP-nin “Nərimanov” kinoteatrının qarşısında aksiya keçirməsinə icazə verməyib.

Bundan əlavə, şənbə günündən polis müxalifət fəallarına təzyiq göstərməyə başlayıb ki, onların  mitinqdə iştirakına maneçilik törətsin. Bu, yalnız Bakıda deyil, ölkənin başqa bölgələrində də baş verib.

Polisin “Nərimanov” kinoteatrına yaxın ərazini nəzarətə götürməsinə baxmayaraq, Müsavat və AXCP fəalları etiraz aksiyasını keçirə bilib. Onlar “Azadlıq!”, “İstefa!”, “Siyasi və vicdan məhbuslarına azadlıq!” şüarları səsləndiriblər.

Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib, onlarla adam saxlanılıb.

İP sərbəst toplaşma azadlığının növbəti dəfə kobud şəkildə pozulmasını qəti şəkildə pisləyir, tutulanların buraxılmasını tələb edir və 19 iyun aksiyasını kütləvi etiraz hərəkatının yeni mərhələsi kimi dəyərləndirir.

İlk dəfə olaraq aksiya eyni vaxtda şəhərin 12 müxtəlif yerində keçirilib. Aksiyalar Yeni Günəşli yaşayış massivindən tutmuş Yeni Yasamal qəsəbəsinə kimi bir çox yerdə keçirilib.

Bazar günü aksiyasından sonra növbəti etirazların hazırlanması üçün məhəllə, həyət, qəsəbələrdə müstəqil monitorinq qruplarının yaradılmasına başlanılıb.

Aksiyanın qətnaməsində real siyasi, sosial və iqtisadi islahatların keçirilməsi, növbədənkənar parlament seçkilərinin təyin olunması, yeni Konstitusiyanın hazırlanması və proporsional seçki sisteminin bərpası, sərbəst toplaşma, ifadə, mətbuat, dina azadlığının təminatı tələb olunur.

Bundan əlavə, nazirlərin və digər vəzifəli şəxslərin fəaliyyətinin şəffaf araşdırılması tələb olunur.

Bununla yanaşı, İP neft gəlirlərinin ədalətli bölünməsini, minimal əmək haqları və pensiyaların, digər ödənişlərin iki dəfə artırılmasını, keçmiş SSRİ-nin əmanət bankında  toplanmış vəsaitlərin əhaliyə qaytarılmasını tələb edir.

İP 2 aprel mitinqi ilə bağlı həbs olunmuş 15 fəalın azadlığa buraxılmasını tələb edir və etiraz aksiyalarını davam etdirmək niyyətində olduğunu bildirir. Eyni zamanda vətəndaşlar polis və təxribatçıların zorakılığına cavab verməməyə çağırılır.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 21