Bu gün İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” parkına təyin etdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan şəxslərdən 8-i barəsində məhkəmə qərarı çıxarılıb
well/Aran agentliyi
Bu gün İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” parkına təyin etdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan şəxslərdən 8-i barəsində məhkəmə qərarı çıxarılıb.
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, Yasamal rayon Məhkəməsi Müsavat Partiyasının gənclər təşkilatının üzvü Elçin Əhmədovun barəsində 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum etmə cəzası təyin edib. Nərimanov rayon Məhkəməsində keçirilən proses zamanı isə Müsavat Partiyasının üzvləri - Vahid Abbasov inzibati qaydada 5 sutka, Ramin Baxış 3 sutka, KXCP üzvü Orxan Carçıyev isə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Səbail rayon Məhkəməsi isə AXCP üzvləri - Məmməd İbrahimin, Mənsur Cəbrayılzadənin 60 manat məbləğində cərimə olunması, Qafqaz Məmmədovun 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, aksiyanın 80-dək iştirakçısından 23-ü saxlanılıb. On nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.