“Xocalıda Azərbaycan sakinlərinə qarşı hərbi əməliyyatlarda şəxsən iştirak etmiş şəxs...”
well/Aran agentliyi
“Xocalıda Azərbaycan sakinlərinə qarşı hərbi əməliyyatlarda şəxsən iştirak etmiş şəxs...”
“Hələ 2007-ci ildə demişdik ki, Madrid prinsipləri Qarabağ münaqişəsinin ədalətli həllini tapmağa imkan verir. Bunlar güc və təhdid tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi kimi prinsiplərdir”.
Ermənistan prezidenti Serj Sərkisyan dünən AŞ PA-nın tribunasından deputatların suallarını cavablandırarkən belə deyib (“Media forum”). Sərkisyan Azərbaycan və Ermənistanın Madrid prinsiplərini müxtəlif cür anladığını vurğulayıb: “Son illər məmurdan tutmuş prezidentə kimi azərbaycanlılar məsələnin həllinin hərbi yolla mümkünlüyünü bəyan edir. Bu, birinci prinsipin pozulması deməkdir. İkinci prinsiplə bağlı sualımız yoxdur. Ermənistan nə Azərbaycana, nə də başqa bir dövlətə ərazi iddiası irəli sürüb. Bu səbəbdən də Ermənistan indiyədək Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Xalqların öz müqəddəratını həll etməsi məsələsi də aydındır, qəbul ediləndir, bu, son illər onlarla dövlətin yaranması üçün imkan yaradıb. Azərbaycanlılar deyir ki, xalqların öz müqəddəratını həll etməsi məsələsini öz dövlətlərinin sərhədləri çərçivəsində qəbul edirlər. Biz deyirik ki, müqəddəratını həll etmə öz taleyini müstəqil həll etmə deməkdir. Madrid prinsipləri mahiyyətcə elədir ki, onların qəbul etməmək mümkün deyil. Bizim hər hansı qeydimiz yoxdur”.
Ermənistan prezidenti AŞ PA-da çıxışı zamanı Azərbaycana qarşı sayıqlama səviyyəsində sərt ittihamlar da irəli sürüb. O bildirib ki, “Avropa Şurasının ərazilərində, Azərbaycanda irqçilik və dözümsüzlük ocağı qalmaqdadır”.
Sərkisyan deyib ki, Ermənistan və Dağlıq Qarabağ cəmiyyətlərini Azərbaycana güzəştə getməkdə inandırmaq çox çətindir. O, Türkiyə və Azərbaycanı ölkəsini “süni və qeyri-qanuni blokadaya” almaqda ittiham edib. Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırmaq cəhdlərinin dalana dirənməsindən də təəssüfləndiyini bildirib. O, bəyan edib ki, bu istiqamətdə yeni imkanların açılmasına şübhə edir.
AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri isə Ermənistan prezidentinə çıxışından sonra sual verə bilməyiblər. Bunu modern.az saytına Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov deyib. O, bildirib ki, Sərkisyan AŞ PA sessiyasında 35 dəqiqə çıxış edib. Bundan sonra ona AŞ PA-nın beş qrupundan hər biri üzrə altı sual verilib. “Vaxt etibarilə sual vermək üçün Azərbaycana növbə çatmadı” deyə deputat Abbasov vurğulayıb.
Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu ilə görüşüb. ANS-in məlumatına görə, İ.Əliyev və J.M.Barrozu birgə mətbuat konfransı keçiriblər. Jurnalistlər İ.Əliyevdən bir qədər əvvəl Strasburqda AŞ PA-nın plenar iclasında çıxış edən S.Sərkisyanın Azərbaycanda ermənifobiyanın olmasına dair bəyanatına münasibət bildirməsini xahiş ediblər. İ.Əliyev cavabında bildirib ki, o, əvvəllər bu barədə heç vaxt eşitməyib: “Bu, əgər belədirsə, çox təəssüf edirəm. Çünki Xocalıda azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən iştirak etmiş şəxs Azərbaycanda ermənifobiya haqda danışırsa, bu, çox gülüncdür”.
İ.Əliyev bəyan edib ki, məhz azərbaycanlılar təcavüzün qurbanlarıdır: “Torpaqlarımız işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 700 min azərbaycanlı Dağlıq Qarabağın inzibati sərhədi çərçivəsindəki ərazilərdən qovulub. Azərbaycanın ərazi bütövlüyü hər hansı ölkə tərəfindən sual altına alınmamalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əlbəttə, bu münaqişədə Ermənistan və Azərbaycanın münasibəti fərqlidir. Azərbaycan Ermənistanın ərazisinin hər hansı santimetrini də işğal etməyib. Azərbaycan torpaqlarının 20 faizi isə işğal altındadır. Biz bu təcavüzün qurbanıyıq. Ona görə də bizim cəmiyyətin əhval-ruhiyyəsi Ermənistan cəmiyyətinkindən fərqlidir”.
Madridprinsiplərinə gəlincə isə İ.Əliyev deyib ki, Azərbaycan bir neçə il əvvəl bu prinsipləri danışıqlar bazası kimi qəbul etdiyini bəyan edib: “Ermənistanın da eyni addımı atacağına ümid edirik. Bu prinsiplər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpasını, eyni zamanda Dağlıq Qarabağ xalqının özünü idarəsini təmin edir. Bu qəbul edilsə, sülhə doğru yol olacaq”.
İ.Əliyevin bu açıqlaması Sərkisyanın beynəlxalq arenada faktiki olaraq terrorçu elan edilməsidir. Kazan görüşü ərəfəsində savaş anonsudur. Kifayət qədər ciddi ekspertlərin dilindən səslənən, Türkiyə KİV-ində yer alan bəzi fikirlərə görə, prezidentlərin iyunun 24-nə nəzərdə tutulan Kazan görüşü nəticəsiz başa çata bilər. Belə olacağı təqdirdə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün lokal hərbi əməliyyatlara başlaması qaçılmaz olacaq.
Musavat