Tarix : 2011 Jun 23
Kod 23581

İsrailin Azərbaycana ''Həcc təklifi''

Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyx Allahşükür Paşazadənin adı daha bir qalmaqalda hallana bilər
well/Aran agentliyi

Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyx Allahşükür Paşazadənin adı daha bir qalmaqalda hallana bilər. Bu dəfə söhbət həmin idarənin müstəsna səlahiyyətində olan biznesə-Həcc ziyarətinin təşkilinə İsrail şirkətinin də ortaq olmasından gedir. “İzRus” portalının xəbərinə görə, İsrailin “Elita VİP Turs” turizm şirkətinin rəhbəri Şmuel Rahman bugünlərdə Bakıda iki yerli turizm şirkəti ilə İsraildəki müqəddəs məkanlara kiçik Həcc ziyarətinin (Ümrə) təşkilinə dair müqavilə bağlayıb. Lakin bu müqaviləyə əsasən azərbaycanlılar böyük Həcc ziyarətinə də İsrail üzərindən gedə bilərlər.

Bu haqda "Yeni Müsavat" qəzeti geniş yazı dərc edib.

Ş.Rahman deyib ki, o, Bakıda “Galaxy Travel” və “Pasha Travel” turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu şirkətlər tezliklə İsraildə müsəlmanlar üçün müqəddəs məkanlara və qonşu ölkələrdəki ziyarətgahlara səyahətlərin təşkilinə dair reklam kampaniyasına başlayacaqlar. İsrail biznesmeni deyib ki, Azərbaycanda onun “Kiçik Həcc” layihəsi üçün kifayət qədər potensial müştəriləri var. Ancaq azərbaycanlı dindarlar həm də Məkkə ziyarətinə İsrail üzərindən gedə bilərlər. “Azərbaycanın ildə Məkkəyə ziyarət təşkil etmək üçün 10 min nəfərlik kvotası var. Bu məkanı bir çox müsəlmanlar ziyarət etmək istəyir, lakin kvotaya düşə bilmirlər. Mən onlara ”Kiçik Həcc" ziyarəti təklif edirəm, bu ziyarətə qatılmaqla onlar İsraildə müsəlmanların müqəddəs məkanlarının necə qorunduğunu görə, bizim müsəlmanlarla savaşmadığımıza əmin ola bilərlər", deyə Ş.Rahmon bildirib.

Yəhidi biznesmen deyib ki, “Böyük Həcc” İsraildəki müqəddəs məkanları ziyarət etmədən natamam sayılır. Ona görə də o, Azərbaycandan olan müştərilərə təklif edir ki, İordaniyadan keçməklə İsrailə, oradan isə Məkkəyə səyahət etsinlər. “Bu, bizim eksklüziv ideyamızdır. Bizim İsraildə ziyarətçiləri qarşılayıb oradan Məkkəyə yola salmaq üçün tərəfdaşlarımız var. Ziyarətdən sonra onların geri qayıtmasını da təşkil edəcəyik”, deyə biznesmen bildirib. O deyib ki, Bakıdakı danışıqlarda İsrail səfirliyi və yerli yəhudi icmasından kömək görüb. Biznesmen Azərbaycanda Həcc ziyarətinin təşkili üçün müstəsna səlahiyyətlərə malik olan Qafqaz Müsəlmanları İdarəsinin həmin sövdələşmə ilə bağlı mövqeyinin necə olduğu barədə heç nə deməyib. Ancaq bu sahəni bilən ekspertlər deyir ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin təşkili üçün Səudiyyə Ərəbistanının rəsmən tanıdığı yeganə qurumdur. Bu baxımdan müsəlmanların ən müqəddəs məkanına təşkil olunan ziyarətlər də bu idarə ilə razılaşdırılmalıdır. Deməli, sözügedən sövdələşmə idarənin və onun rəhbərinin razılığı olmadan baş tuta bilməzdi. Eyni zamanda xəbərdən belə məlum olur ki, İsrail biznesmeni Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana ayrılan kvotadan kənar Həcc ziyarətlərinin təşkilini razılaşdırıb.

Bu məlumatı şərh etmək üçün müraciət etdiyimiz dini ekspertlərin hamısı hesab edir ki, belə bir müqavilə kifayət qədər skandala səbəb olacaq və bütün İslam aləmində qınanacaq. Həcc ziyarətinin monopolisti Hacı Allahşükür Paşazadənin mövqeyiə gəlincə, istər fikrini sorduğumuz dini icma rəhbərləri, istərsə də tanınmış ekspertlər hesab edirlər ki, bu layihə onun razılığı olmadan həyata keçirilə bilməzdi: “Lakin bu razılıq hansı əsaslara söykənir - şeyxi pullamı, yoxsa qorxu iləmi razı salıblar, - bunu söyləmək çətindir. İstənilən halda, ya pulun (layihəyə şərikliyin), ya da qorxunun hesabına ”dobro" verib ki, bunların hər ikisi böyük biabırçılıqdı. Əgər ikincidirsə, deməli, onu sındırmaq və bitirmək istəyirlər. Qeyd olunan şirkətlər hakim ailə sayılan Paşayevlərə bağlıdır və bu səbəbdən də şeyxin müqavimət göstərmək imkanı məhduddur. Lakin o, ən azı bunun hansı nəticələrə səbəb ola biləcəyinə dair xəbərdarlıq etməliydi... Bu fikirlər rəyini soruşduğumuz icma rəhbərlərindən birinə məxsusdur.

P.S. Qeyd edək ki, biz də bu iddiaların düz olacağı təqdirdə Azərbaycanın əsil dindarlarının Həccə getməyəcəyini düşünürük. Çünki, bu cür "boykot"lar tarixdə mövcuddur. Səudiyyə əsgərlərinin İranlı zəvvarları Həccdə qətlə yetirməsindən sonra mərcei təqlidlər Həccə getməyi qadağan edən fətva yayımlamışdılar. Düşünürük ki, belə bir addım Azərbaycan zəvvarlarına qarşı atılsa mərcei təqlidlərin fətva verməsi istisna olmayacaq. Belə olan təqdirdə Həccə gedənlər ancaq müğənnilər, deputatlar və hökümətə bağlı olan şəxslər olacaqdır.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 23