Prezidentlərin Kazan görüşündən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə gözləmək olar?
g/ Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
Sabah Kazan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bir sıra Qərb ekspertləri bu görüşdə mühüm irəliləyişin olacağını, hətta baza pronsipləri ilə bağlı sənədin imzalanacağını gözləyirlər.
Politoloq Zəfər Quliyev Kazan görüşündən ciddi nəticə gözləmir. “Əslində son vaxtlar bu görüş ətrafında çox ajiotaj yaranıb. Baxmayaraq ki, son illər biz artıq bu cür görüşlərə alışmışıq. Tez-tez üçtərəfli formatda görüşlər keçirilir. Kazan görüşü ərəfəsində bir çox ekspertlər fikir yürüdürlər ki, bu görüşdə hansısa ciddi bir irəliləyiş mümkündür, tərəflər bir çox məsələlərdə ümumi razılığa gəliblər və hətta baza prinsipləri ilə bağlı sənəd də imzalaya bilərlər. Mənim gözləntilərim daha ehtiyatlıdır. Hesab edirəm ki, sözügedən görüşdə ciddi bir irəliləyiş və ya dəyişiklik baş verməyəcək. Çünki hər halda tərəflərin mövqeyində ciddi dəyişikliklər baş verməyib. Ermənistanın Madrid prinsiplərinə münasibəti indiyə kimi tam bəlli deyil. Yəni Madrid prinsiplərinin son variantını Ermənistan qəbul edir, yoxsa yox? Bu məlum deyil. Bu barədə rəsmi açıqlamalar verilməyib. Eyni zamanda münaqişəyə kuratorlıq edən həmsədr ölkələrin problemin həll edilməsi üçün tutarlı cəhdlər göstərəcəklərini və prinsipial addımlar atacaqlarını hiss etmirəm, baxmayaraq ki, onlar artıq Qarabağla bağlı üçüncü dəfədir birgə bəyənat qəbul ediblər. Ona görə mən bu görüşə ehtiyatlı nikbinlik hissi ilə yanaşıram. Hesab edirəm ki, Kazan görüşündə ola bilsin ki, mövqelərdə hansısa yaxınlaşma müşayiət olunsun, hətta hansısa bəyanat da qəbul olunsun, lakin danışıqlar prosesindən hansısa ciddi bir sıçrayışdan, irəliləyişdən danışmaq mənə elə gəlir hələ tezdir”.
Politoloq Qabil Hüseynli isə deyir ki, hər iki tərəfə təzyiq var. “Açığı deyim ki, hər iki tərəfə təzyiq var. Təzyiqin məqsədi status-kvonun dəyişməsi və danışıqlar prosesinə yeni bir canlanma verməklə bağlıdır. Əsas məsələ ondan ibarətdir ki, danışıqlar prosesində hər hansı bir irəliləyiş olsun. Kazan görüşündə ən azından danışıqların baza prinsipləri müəyyənləşdirilə, danışıqların hansı həddlər daxilində, prinsiplər üzərində aparılacağı barədə hər hansı bir sənədə imza atıla və bundan sonra sülhə dorğu aparan danışıqlar prosesinə başlana bilər”.
Politoloq Araz Əlizadə də heç bir dəyişikliyin baş verəcəyinə inanmır. “Hansısa bir irəliləyişin baş verəcəyini düşünmürəm. Mən öz fikrimdə qalıram ki, biz müharibəsiz Dağlıq Qarabağı geri qaytara bilməyəcəyik. Odur ki, xalqı, cəmiyyəti vətənpərvərlik ruhunda müharibəyə hazırlamaq lazımdır. İndiyə qədər tərəflərə güzəştə getmək təklif olunub. Ola bilsin ki, ermənilər bizim işğal olunmuş 4-5 rayonumuzu qaytaracaqlar, ondan sonra bütün dünya ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə başlayacaq ki, ermənilər güzəştə getdilər, indi də siz güzəştə gedin”.
Onu da qeyd edək ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da “Reyters” agentliyinə müsahibəsində prezidentlərin 24 iyun görüşünə münasibət bildirib. Görüşdən danışan Əzimov, xüsusi bir nikbinliyin olmadığını bildirib. “Azərbaycan problemin diplomatik yolla həlli imkanları mövcud olduqca Qarabağda müharibənin bərpa olunmasını istəmir. Kim deyir ki, Azərbaycanın ordusu zəif olmalıdır? Güclü orduya malik olmaq yaxşıdır, lakin onu istifadə etmək pisdir. Mən Kazanda baza prinsipləri üzrə razılaşmanın əldə olunacağını gözləmirəm, lakin bəzi mühüm məsələlərə aydınlıq gələcəyini düşünürəm”.