well/Aran agentliyi
Artıq 7 aydan artıqdır ki, orta məktəblərdə hicab qadağası tətbiq edilir. Sirr deyil ki, bu qadağa yüzminlərlə inanclı insanı mənəvi iztiraba məruz qoyan bir səciyyə daşıyır. Bununla yanaşı, qadağa cəmiyyətdaxili vəhdətə mənfi təsir göstərir, ölkənin inkişafı üçün zəruri olan daxili bağlantıların zəifləməsinə gətirib çıxarır. Bunu nəzərə alaraq, problemin köklü həllinə nail olmaq, ölkənin gələcək inkişafına öz töhfəsini vermək, Uca Yaradan qarşısında vəzifəsini icra etmək, cəmiyyətdaxili vəhdətin gücləndirilməsinə, dövlətçiliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermək niyyətilə, DEVAMM – Dini etiqad və vicdan azadlıqlarının müdafiə Mərkəzi Konstitusiyanın 12.I (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir), 26.II (Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir), 48.I (Hər kəsin vicdan azadlığı vardır) 48.II (Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır) maddələrini rəhbər tutaraq, Konstitusiyanin 57.I (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır) maddəsinə və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununin 1-ci maddəsinə istinad edərək, “Azərbaycan Respublikasının prezidentinə yüzminlik müraciət” kampaniyasına başlamasını bəyan edir.
Kampaniya çərçivəsində azı 100 min vətəndaşın imzasını toplayaraq, Azərbaycanın dövlət başçısına hicab probleminin həlli üçün müraciət etmək nəzərdə tutulur.
Dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinin kampaniyada iştirakı nəzərdə tutulmuşdur. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu barədə bildirib: “Kampaniya bölüşdürücü deyil, birləşdirici missiya daşıyacaq. Bu problemin qalması heç kəsə xeyir gətirməz. Niyyətimiz odur ki, xoşməramlı təşəbbüslə dini etiqadla bağlı yaşanan problemlərin birdəfəlik çözməsinə nail olaq”.
Kampaniyanın aparılmasının təfsilatı və gedişatı barədə əlavə məlumatın verilməsi nəzərdə tutulmuşdur.