Hazırkı dövrdə bir sıra məscidlər var ki, insanlar orada toplaşırlar və lakin içəridə namaz qılmaq üçün lazımi şərait yoxdur”
well/Aran agentliyi
Hazırkı dövrdə bir sıra məscidlər var ki, insanlar orada toplaşırlar və lakin içəridə namaz qılmaq üçün lazımi şərait yoxdur”.
“Hazırda dini ibadətlə məşğul olan insanların sayı artmaqdadır. Ancaq bu insanların tələblərini qarşılayacaq məscidlər yoxdur”. Bunu müsahibəsində Məşədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən məscidlərin əksəriyyəti XVIII–XIX əsrlərdə tikilib. O dövrlə müqayisədə əhalinin sayı indi xeyli artıb və belə olan təqdirdə yeni məscidlərin tikintisinə ehtiyac yaranır.
Ş.Həsənlinin fikrincə, Bakının ən böyük məscidlərinə insan axını çox olduğundan orada insanların sərbəst və rahat ibadəti üçün müəyyən çətinliklər yaranır: “İnanclı insanların yaşadıqları məhəllələrdə, Bakı şəhərinin mərkəzində və ətrafında bir-neçə böyük məscidin tikintisinə ehtiyac var ki, bu da insanların sərbəst ibadətinə şərait yarada bilər. Hazırkı dövrdə bir sıra məscidlər var ki, insanlar orada toplaşırlar və lakin içəridə namaz qılmaq üçün lazımi şərait yoxdur”.
İlahiyyatçı-alim vurğulayıb ki, məscidlərin sayının artması ilə yanaşı, din xadimlərinin, peşəkar səviyyədə dini təbliğ edən insanların sayının artırılmasına ehtiyac duyulur: “Bəzi məscidlər var ki, ora ibadətə gələn insanların sayı az olur, bu da ondan irəli gəlir ki, orada din xadiminin xütbələri müasir dövrün tələblərinə cavab vermir".
Ölkəmizdə uzun müddət din sahəsində boşluq olduğunu bildirən Ş.Həsənli deyib: “Xüsusən də Sovet dövründə bu sahə ümumiyyətlə, inkişaf etməyib və buna görə də indi müəyyən problemlərin olması təbiidir. Lakin buna baxmayaraq, Azərbaycanda dini müəyyən sayda təbliğ edən insanlar var. Bundan əlavə, ölkəmizdə Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi mütəxəssislər yetişdirirlər. İndi müasir tələblərə cavab verən, zəngin dünya görüşünə malik olan və dünyəvi təhsil almış insanların ilahiyyat elmlərinə yiyələnməsinə ehtiyac var".