Tarix : 2011 Jun 27
Kod 23676

2 aprel aksiaysında saxlanılanların istintaqı yekunlaşıb

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən bir qrup şəxslə bağlı istintaq yekunlaşıb
well/Aran agentliyi

 İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən bir qrup şəxslə bağlı istintaq yekunlaşıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, iş üzrə təqsirləndirilənlərdən 6 nəfər barəsində cinayət işinin istintaqı tamamlanıb. İş baxılması üçün iki günə məhkəməyə göndəriləcək.

F. Həsənəliyev cinayət işi üzrə təqsirləndirilən digər 8 nəfərlə bağlı materialların başqa icraata verildiyini və həmin iş üzrə istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

Vəkil Əsabəli Mustafayev APA-ya istintaqı yekunlaşan şəxslərin adlarını açıqlayıb. Onlar Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovdur.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. (musavat.com)

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 27