Tarix : 2011 Jun 28
Kod 23708

NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

NATO baş katibinin meydana gələn çağırışlar üzrə müavini Gabor İklody iyul ayında Azərbaycana səfər edəcək
well/Aran agentliyi

 

NATO baş katibinin meydana gələn çağırışlar üzrə müavini Gabor İklody iyul ayında Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

G. İklody Azərbaycanda ANAMA-nın NATO-nun Maddi-Texniki Təchizat Agentliyi - NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun (PfP Trust Fund) birgə icra etdiyi Saloğlu Layihəsinin rəsmi bağlanış mərasimində iştirak edəcək. Bununla əlaqədar iyulun 5-də Ağstafa rayonunun Saloğlu kəndində, iyulun 8-də isə Bakıda tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirdə baş nazirin müavini Abid Şərifov da iştirak edəcək.

Agentlikdən bildirilib ki, Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində yerləşən keçmiş Sovet hərbi bazaları (138 anbar) 1991-ci ildə sovet ordusu bu regionu tərk edən zaman dağıdılıb, nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla (PHS) çirklənib. Ötən illər ərzində PHS problemi yerli əhalinin təhlükəsizliyi üçün ciddi və daim artan təhlükə törədib. Həmin müddət ərzində mina/PHS partlayışı nəticəsində 80 nəfər yaralanıb və 37 nəfər həlak olub.

Beş ildən artıq bir dövrdə ANAMA və NATO/NAMSA birgə layihəsi olan Saloğlu Layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. Nəticədə 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib. Bu müddət ərzində regionda aparılmış Mina təhlükəsinə dair Maarifləndirmə Proqramı çərçivəsində mina xəbərdarlığı tədbirləri nəticəsində mina/PHS hadisələrinin sayı azalıb.

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 28