Rusiya prezidenti Dmitri Medvedyev Kazan sammitində o qədər məyus olub ki, vasitəçilik missiyasını dayandırmağa hazırdır
well/Aran agentliyi
Rusiya prezidenti Dmitri Medvedyev Kazan sammitində o qədər məyus olub ki, vasitəçilik missiyasını dayandırmağa hazırdır. "Turan"ın məlumatına görə, Rusiyanın "Kommersant" qəzeti belə yazır.
Danışıqlar prosesində iştirak edən diplomatlardan biri "Kommersant"a deyib ki, Kazan görüşündə gözlənilmədən vasitəçilərin çoxdan həll olunmuş hesab etdikləri fikir ayrılıqları üzə çıxıb: "Burada həm texniki xarakterli, həm də Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması kimi əhəmiyyətli məsələlər var. Amma problem hətta fikir ayrılıqları olmasında deyil, tərəflərin bir neçə dəfə mövqelərini dəyişməsindədir. Belə olmaz. Yaxın gələcəkdə Azərbaycan və Ermənistan qalan problemləri həll etmək qətiyyəti nümayiş etdirməsələr, bu vasitəçilik missiyasının başa çatdığını hesab edəcəyik".
Diplomatın sözlərinə görə, Dmitri Medvedyev münaqişə tərəflərinə ultimatum verib: "Növbəti üçtərəfli sammit yalnız o halda keçirilə bilər ki, həmin görüşdə Qarabağ üzrə hazırlanmış plan imzalansın. Görüş yalnız hər iki tərəf nizamlanma prinsipləri ilə bağlı sənədi imzalamağa hazır olduqlarını qəti şəkildə bəyan etdikləri halda keçiriləcək".
İyunun 24-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Rusiya prezidenti Dmitri Medvedyevin görüşü olub. Kazanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan baza (Madrid) prinsipləri müzakirə edilib. Görüşdə hər hansı sənəd imzalanmayıb.
Bu günə qədər Azərbaycan Respublikası və Ermənistan prezidentləri minsk qrupunun vasitəçiliyi ilə 13 dəfə görüşsələr də, işqal olunmuş ərazilərin Azərbaycan Respublikasının tərkib hissəsinə qaytarılmasına heç bir təsiri olmayıb.