İyunun 28-də Azərbaycana səfərə gələn Fələstin prezidenti Mahmud Abbas prezident İlham Əliyevlə təkbətək görüşüb
welll/Aran agentliyi
İyunun 28-də Azərbaycana səfərə gələn Fələstin prezidenti Mahmud Abbas prezident İlham Əliyevlə təkbətək görüşüb. Sonra isə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılıb.
«AzərTac»ın məlumatına görə, görüşdə siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti müzakirə edilib.
Fələstin liderinin iki gün davam edəcək səfəri prezident İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.
Azərbaycanın siyasi dairələrində isə Mahmud Abbasın Bakı səfərinin daha ciddi səbəblərə söykəndiyi yöndə fikirlər səslənməkdədir.
Politoloq Zərdüşt Əlizadə deyir ki, Fələstin dövləti BMT-nin qərarı ilə yaranıb. Onun sözlərinə görə, amma hələlik Fələstin muxtariyyət kimi mövcuddur. Politoloq bunu Fələstini İsrailin işğal etməsi ilə izah edir. Zərdüşt Əlizadə hesab edir ki, Fələstini tanımaq, fələstinlilərin hüquqlarını müdafiə etmək dünyanın hər bir dövləti kimi Azərbaycanın da işi olmalıdır. Onun fikrincə əgər, Azərbaycan bunu etməsə, onun indiki dünyadan Qarabağ probleminin həllini tələb etməyə mənəvi haqqı olmaz»
«AZƏRBAYCAN FƏLƏSTİNƏ ƏRZAQ GÖNDƏRƏ, MALİYYƏ KÖMƏKLİYİ GÖSTƏRƏ BİLƏR»
«Bu baxımdan Mahmud Abbasın Azərbaycana gəlməsi və bizimlə əlaqələr qurması çox anlaşılandır. Sadəcə onlarda vəziyyət çox gərgindir. Əgər onu vaxtı çox olsaydı və başqa vacib işləri olmasaydı bəlkə də Azərbaycana çoxdan gələrdi. Amma indi onlar ölüm-dirim mübarizəsi aparırlar, onları bir birinə vuruşdururlar, onlara qarşı terror gedir, ac qoyurlar, mühasirədə saxlayırlar. Belə şəraitdə əlbəttə ki, Mahmud Abbasın Azərbaycanı ziyarət üçün vaxt tapması böyük şeydir».
Zərdüşt Əlizadə deyir ki, Azərbaycan öz tərəfindən Fələstinə ərzaq göndərə, maliyyə köməkliyi göstərə bilər. Politoloq Fələstinə sərmayə yatırılmasını da istisna etmir.
Amma zərdüşt Əlizadə düşünmür ki, Azərbaycan Fələstinə ərazi probleminin həlli ilə bağlı hansısa vasitəçilik edə bilər. Deyir ki, vasitəçiliyi nüfuzlu dövlətlər edə bilərlər. Məsələn Amerika bu işdə vasitəçidir. Amma politoloq hesab edir ki, ABŞ da hələ ki, heç nəyə nail ola bilməyib. Zərdüşt Əlizadə deyir ki, eyni vaxtda həm təcavüzə məruz qalana, həm də təcavüzkara yardım göstərmək düzgün deyil.
(Azadlıq radiosu)