Bu gün və iyulun 1-də Təhsil Nazirliyinin qarşısında hicab qadağasına və təhsil haqlarının qaldırılmasına qarşı «Fəvvarələr» meydanında aksiya keçirilə bilər
well/Aran agentliyi
Bu gün və iyulun 1-də Təhsil Nazirliyinin qarşısında hicab qadağasına və təhsil haqlarının qaldırılmasına qarşı «Fəvvarələr» meydanında aksiya keçirilə bilər
Orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq mayın 6-da Təhsil Nazirliyinin önündə dindarlar aksiya keçirmişdilər. Həmin vaxt qəfil şəkildə meydana çıxan dindarların hərəkətindən bərk qorxuya düşən hakimiyyət onların bir qismini həbs etdi, barələrində cinayət işi qaldırdı.
Ancaq dindarların bundan qorxacağı gözlənilmirdi. Elə deyilənlər təsdiqini tapmaqdadır. Dindarlar iyunun 29-da saat 14:30-17:00 aralığında Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə qərar veriblər. Sosial şəbəkələrdə yayılan məlumatlarda açıq şəkildə aksiyaya çağırış edilir və ölkədəki bütün dindarların bu mitinqə qatılması istənilir.
Aksiyanın şüarları “Hicaba azadlıq!” və “Hicab bizim namusumuzdur, ona uzanan əllər kəsiləcək!” olacaq.
Bundan əlavə, Nazirlər Kabineti (NK) bir müddət əvvəl ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı qərar verdi. Həmin məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bildirmişdi ki, bu, onlarlıq məsələ deyil. Deyirlər ki, qiymətləri NK müəyyənləşdirir və bunun icrasını isə qeyd olunan dövlət qurumları həyata keçirir.
Ancaq bu qiymət artımı artıq ölkədə ciddi narazılığa səbəb olmağa başlayıb. Belə ki, indiyə qədər əksər siyasi partiyalar və gənclər təşkilatları ali təhsil ocaqlarında təhsil haqlarının artırılmasına etirazlarını bildiriblər. Ancaq bu etirazların heç biri bəyanat səviyyəsindən o yana keçməyib. Lakin prosesin bu şəkildə qalacağı da inandırıcı görünmürdü. Nəhayət, baş verənlərə açıq şəkildə, yəni aksiya formasında etiraz etmək istəyənlər tapıldı.
Sosial şəbəkələrdə bir qrup gənc təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq aksiya keçirəcəkləri ilə bağlı məlumat yayıblar. Həmin məlumatda deyilir ki, iyulun 1-də saat 18:00-21:00 aralığında “Fəvvarələr” meydanında etiraz aksiyası keçiriləcək. “Universitetlərdə qiymət artımına etiraz edək!” devizi altında keçiriləcək aksiyanın təşkilatçıları isə heç bir siyasi qurumu təmsil etmədiklərini vurğulayıblar.
Qeyd edək ki, müstəqil, heç bir siyasi təşkilatı təmsil etməyən həmin gənclərin şəhərin mərkəzində aksiya keçirmələri ilk hadisə deyil. Eyni zamanda, bu, 11 martdan sonra keçirilməsi nəzərdə tutulan aksiyalardan biridir.