Yeni ildən etibarən Gürcüstanın paytaxtı Tbilisidə rusdilli məktəblər və məktəblərdəki rus sektorları bağlanacaq
well/Aran agentliyi
Yeni ildən etibarən Gürcüstanın paytaxtı Tbilisidə rusdilli məktəblər və məktəblərdəki rus sektorları bağlanacaq.
İslam-Azeri.az İnternet qəzetinin TRT-yə istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkənin təhsil naziri ilə birlikdə aldığı qərara görə, yeni tədris ilindən etibarən rus məktəblərindəki şagirdlər ümumi məktəblərdə təhsil alacaqlar.
Ancaq hələlik bu qərar yalnız paytaxta aid ediləcək. Bölgələrdə, o cümlədən gürcü dilində danışmayan xalqların kompakt yaşadığı yerlərdə məsələ hələ açıq qalır.
Yeni qaydalara görə, məktəblərdə rus dili əvvəlki kimi 3-cü deyil, 7-ci sinifdən etibarən və həftədə iki dəfə tədris ediləcək. Bu səbəbdən də rus dili müəllimləri ixtisar ediləcək.
Qeyd edək ki, Saakaşvilinin təşəbbüsüylə Gürcüstan məktəblərində ingilis dili birinci sinifdən etibarən tədris edilir. Aprel ayında verdiyi açıqlamada Saakaşvili uğur qazanmaq üçün rus dilinin deyil, ingilis dilinin vacib olduğunu açıqlamışdı: "Biz rus dilinin əleyhinə deyilik. Əgər sabah rus dili ümumi danışıq dili olacaqsa, çinlilər, norveçlilər, amerikalılar rus dilini həyatda uğur qazanmaq üçün vacib sayacaqlarsa, biz də rusca oxumalı olacağıq. O səbəbdən də ində daha çox uğur qazanma şansı yaradan ingilis dilinə keçirik".