Tarix : 2011 Jul 02
Kod 23768

“YÜZMİNLİK” İMZA KAMPANİYASI GƏLƏN HƏFTƏ BAŞLAYIR

Hacı İlqar: “Ölkənin tanınmış adamları prosesə dəstək verirlər”
well/Aran agentliyi

Xəbər verildiyi kimi, DEVAMM ölkədə davam edən hicab qadağasının aradan qaldırılması üçün ölkə başçısına “Yüzminlik” imza kampaniyası elan edib. Kampaniya çərçivəsində təşkilat dəstəkçi qruplarla birlikdə hicablı şagirdlərin orta məktəblərə buraxılması qadağasının ləğvi üçün imza toplanmasını nəzərdə tutur. Bir neçə gün əvvəl qəzetimizə açıqlama verən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu kampaniyanın hazırlıq mərhələsində olduğunu və qarşıdakı günlərdə ölkə üzrə imzatoplama aksiyalarının keçiriləcəyini bildirmişdi.

Ötən gün qəzetimizə açıqlama verən Hacı İlqar İbrahimoğlu imza kampaniyasının birinci mərhələsinin uğurla davam etdiyini, cəmiyyətin bütün kəsimlərindən dəstək aldıqlarını bildirdi: “Proses hazırda normal şəkildə davam edir. Ölkənin kifayət qədər tanınmış adamları, din və ictimaiyyət nümayəndələri bu prosesi dəstəklədiklərini bildiriblər. Bizim bir məqsədimiz var, başörtüsü taxdığı üçün təhsildən məhrum olunmuş qız uşaqlarının haqlarını bərpa edək, yaranmış bu xoşagəlməz vəziyyət aradan qalxsın”.

DEVAMM sədri bildirdi ki, təşkilati məsələlər artıq həll olunmaq üzrədir və gələn həftədən etibarən növbəti imzatoplama kampaniyası başlayacaq. Hacı İlqar kampaniyanın bütün ölkə boyu həyata keçiriləcəyini bildirdi.

Qeyd edək ki, bu günlərdə bir sıra ictimaiyyət nümayəndələri, din adamları, ağsaqqallar imza kampaniyasına dəstək verdiklərini bildiriblər. Nardaran kəndinin ağsaqqalı Məşədi Natiq Kərimov “birlik.az” saytına açıqlama verərək DEVAMM-ın başlatdığı kampaniyanı dəstəklədiyini bildirib. N.Kərimov bu prosesdə aktiv iştirak edəcəklərini deyib: “İnşallah, biz də bu işdə aktiv iştirak edəcəyik. Əslində bu iş çoxdan olmalı idi. Ümid edirəm ki, prezidentimiz bu məsələdə bizi sevindirəcəkdir. Hicab probleminin bu formada qalması ölkədə böyük qarşıdurmaya gətirib çıxara bilər. Hicab qadağasının tezliklə aradan qaldırılması və hicab məhbuslarının azadlığa çıxması işində bütün gücümüzü bir yerə qoyaraq lazımi yerlərə müraciətlərimizi edəcəyik. Mən son olaraq onu qeyd edim ki, DEVAMM-ın təşəbbüsünə inanıram və ümid edirəm ki, bu məsələ öz həllini tapacaqdır”.

Artıq bölgələrdən də kampaniyaya dəstək gəlir. Ötən gün Gəncədə yerləşən “Furqan” İctimai Birliyinin sədri Hacı Vüqar İsgəndərov “birlik.az” saytına açıqlama verərək kampaniya barədə mətbuatdan xəbər tutduqlarını və prosesdə fəal şəkildə iştirak etmək niyyətində olduqlarını deyib: “Hesab edirik ki, bu kampaniya düzgün hesablanmış bir addımdır. Və inanırıq ki, bu öz müsbət nəticəsini verəcəkdir. Kampaniyaya start veriləndən sonra siz Gəncə dindarlarının bu məsələdə fəallığını görəcəksiniz. İnşallah ki, Gəncə dindarları da bu məsələdə əlindən gələn bütün imkanları əsirgəməyəcəkdir”.

Musavat.com

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 02