Hər iki qurum Dağlıq Qarabağı ayrıca tərəf kimi tanıyan sənədlə çıxış etməyə hazırlaşır
well/Aran agentliyi
Hər iki qurum Dağlıq Qarabağı ayrıca tərəf kimi tanıyan sənədlə çıxış etməyə hazırlaşır.
Avropanın iki mötəbər beynəlxalq təşkilatı - ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sənədlə çıxış etməyə hazırlaşır. Bu barədə hər iki qurumun rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının və Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar sessiyasının müzakirəsinə çıxarılacaq qətnamə layihələrində Dağlıq Qarabağ ayrıca subyekt kimi göstərilib. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, deputat Azay Quliyev modern.az-a faktı təsdiqləyib. Bildirib ki, ATƏT PA-nın sessiyasında müzakirə ediləcək “Astana sammitindən sonra yeni mərhələ: ATƏT-in effektliyinin və əhəmiyyətinin gücləndirilməsinə dair” hesabatında doğrudan da Dağlıq Qarabağ ayrıca subyekt kimi göstərilib: “Hesabat dinlənildikdən sonra eyni adda qətnamə qəbul olunacaq. Bizə təqdim olunmuş hesabatda bir çox məsələlərlə yanaşı ATƏT-in məşğul olduğu münaqişələrə toxunulur. Sənəddə Dağlıq Qarabağ, Gürcüstan, Moldova ilə birlikdə ayrıca tərəf kimi göstərilir. Biz bunu yanlış hesab edirik. Sessiyada qətnamə layihəsinə öz etirazımızı bildirəcəyik və müvafiq dəyişikliklə bağlı təklifimizi göndərmişik. Çalışacağıq ki, bu sənəd qəbul olunmasın. Bizim göndərdiyimiz dəyişiklikdə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdan söhbət gedir”.
Diqqətçəkən burasıdır ki, eyni gündə öz işinə başlayacaq Avropa Parlamentinin plenar sessiyasında da belə bir qətnamənin qəbulu gözlənilir. AP-nin iclasla bağlı gündəliyində deyilir ki, “Avropa Xalq Partiyası və Avropa üçün Liberal və Demokratların Alyansı” qruplarının təşəbbüsü ilə 2011-ci il iyul ayının 6-da Strassburqda keçiriləcək plenar iclasda “Dağlıq Qarabağda vəziyyət” başlıqlı müzakirələrin təşkili qərarlaşdırılıb.
Deputat bildirib ki, qətnamə layihəsi prosedur qaydasında səsə qoyulur. “ATƏT üzvü olan dövlət başçılarının zirvə toplantısında qətnamələr konsensusla qəbul edilir. Yəni 56 ölkədən biri etiraz etdikdə bu sənəd qəbul edilmir. ATƏT PA-da isə sənədlər sadə səs çoxluğu ilə qəbul edilir. Odur ki, burada tərəfdarlarımızı çoxaltmaq üçün ciddi şəkildə işləməliyik. İlk növbədə məruzəçi ilə iş aparmalıyıq”-deyə deputat vurğulayıb.
Qeyd edək ki, ATƏT PA-nın iclası iyulun 6-dan 10-a qədər davam edəcək. Avropa Parlamentinin plenar sessiyası isə 4-7 iyul tarixlərində Strassburqda keçiriləcək.
Musavat