Tarix : 2011 Jul 02
Kod 23784

Neft diktatorları niyə devrilir?

Yeni dünya enerjisini mazutdan deyil, insan beynindən alacaq
well/Aran agentliyi

Hər kəsin yadındadır - dünya mətbuatı neft ölkələrinə sahib çıxmış, xalqlara məxsus səltənəti öz əmlakı kimi istifadə etdiyinə görə diktatorları tənqid edirdi, lakin həmin diktatorlar və onların ailə üzvləri demokratik ölkələrin rəhbərləri tərəfindən xüsusi rəğbətlə qarşılanır, şənlərinə mədhiyyələr söylənilirdi. Bu gün başına bombalar yağdırılan Qəzzafinin övladlarına təmtəraqlı qəbullar təşkil olunurdu. Və qısa zaman kəsiyində sanki hər şey dəyişdi... Nədən?

21 Yanvar 2009

Hesab edirik ki, məhz bu tarixi neft diktatorlarının taleyində dönüş günü kimi dəyərləndirmək olar. Həmin gün ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Nobel mükafatı lauretaı Stiven Çunu öz ölkəsinin energetika naziri vəzifəsinə təyin etdi. Stiven Çu nə neft maqnatı, nə də illərlə ABŞ-ın energetika işlərində çalışan dövlət məmuru idi. O, alternativ enerji mənbələrinin inkişafına xidmət edən və bu sahədə böyük nailiyyətlər əldə etmiş alimdir.
Bu təyinatı ilə Obama energetika sahəsində yeni eranın başlandığına işarə vurdu. Və bu erada, qafasında yalnız neft satıb, min bir oyundan çıxan diktatorların yeri yoxdur.

Alternativ enerji nədir və bəşəriyyətə faydası nədən ibarətdir?

Alternativ enerjiyə tələbat nədən yarandı? Bu sualların sadə bir cavabı var - dünyada təbii yanacaq resursları tükənməkdə, bəşəriyyətin tələbatı isə artmaqdadır. Bu gün dünyada yüz milyondan artıq avtomobil var və hesabatlarda qeyd olunur ki, 2020-ci ildə avtomobillərin sayı 1 milyarddan artıq olacaq. Məhz bu səbəbdən dünya alternativ enerji istiqamətində geniş fəaliyyətə keçmişdir. Alternativ enerji mənbələri dedikdə ilk növbədə günəş enerjisi, bioenerji, külək enerjisi və bu kimi digər enerji mənbələri nəzərdə tutulur. Bu enerji növlərinin bəziləri haqqında qısa məlumat verməyə çalışacağam.

Bio-yanacağın alınması və Braziliya təcrübəsi

Bio-yanacağın əsas üstünlüyü ondadır ki, onun istifadəsi üçün avtomobillərin mühərrik sistemində ciddi dəyişikliklərə ehtiyac qalmayacaq. Bioyanacaq eyni zamanda ətraf mühitin təmiz saxlanması üçün faydalı enerji növüdür. Uzun illər bu yanacağı tənqid edənlərin əsas arqumenti o olmuşdur ki, yanacaq baha başa gəlir və iqtisadi baxımdan faydalı deyil. Belə ki, bioyanacağın alınması üçün kənd təsərrüfatı sektoruna subsidiyaların artırılması tələb olunur - çünki bioyanacaq əsas etibarilə kənd təsərrüfatı məhsullarından (qarğıdalı və digər texniki bitkilərdən) əldə edilir. Lakin son illərin Braziliya təcrübəsi bu arqumentləri alt-üst etdi. Belə ki, 1979-1987 ci illərdə Braziliya bu sahəyə 9 milyard dollar vəsait sərf etdi və neft idxalının azaldılmasından 10.4 milyard dollar qənaət etdi. Növbəti 10 ildə isə bu rəqəm 70-80 milyard dollara çatdı. Beləliklə Braziliya sübut etdi ki, kənd təsərrüfatına lazımi investisiyalar qoyularsa dövlət həm də özünün enerji təhlükəsizliyini qismən təmin etmiş olar.

Bakı küləklər şəhəridirsə - demək enerji şəhəridə ola bilər

Küləkdən enerji alınmasının tarixi tam qədimlərə gedir. Küləklə işləyən dəyirmanlar - ilk nümunələrdir. Fərq ondadır ki bu dəyirmanlar vasitəsilə külək enerjisindən mexaniki enerji almışlar, indi isə elektrik enerjisi almağa çalışırlar. Və alırlarda. Avropa ölkələrinin bəziləri artıq enerji tələbatının 20%-ni məhz külək enerjisi hesabına təmin edir və bu rəqəmin artırılması istər dövlətlərin istərsə də AB-nin ümumi enerji siyasətinin prioritetləri sırasındadır. Son 5 ildə Çin küləkdən alınmış enerjinin miqdarını 35, ABŞ 20 dəfə artırmışdır. Ən böyük artım isə Türkiyədə müşahidə olunmuşdur - 66 dəfə. ABŞ bir neçə il öncə açıqlamışdır ki, əgər küləyin sürəti 7 m/s olarsa, onda 1 kvt/s enerjinin maya dəyəri 4.86 sentə, 9 m/s olarsa isə 2.6 sent təşkil edəcəkdir.. Yeni texnologiyalar hesabına bu rəqəmlərin 35-40% aşağı düşməsi 2010-cu il üçün nəzərdə tutulurdu. Azərbaycanda 1 kvt/s enerjinin maya dəyərinin nə qədər olduğunu kimsə bilmir, amma dövlət bu enerjini əhaliyə 7.5 sentə satır. Idarə və müəssisələrə isə bu rəqəm daha yüksəkdir.
Yaponiya alimlərinin 1999-cu ildə apardığı tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Abşeronda küləyin orta illik surəti 7.9 - 8.1 m/s təşkil edir. Külək enerjisi turbinlərinin ətraf mühitə ziyanlı olmaması, az yer tutması onu daha da faydalı edir. Bir çox olkələr bu stansiyaların effektliliyini artırmaq üçün dənizdə quraşdırır. Dənizdə küləyin quruya nisbətən daha çox olması alınan enerjinin maya dəyərini aşağı salır. Qeyd etmək lazımdır ki, sadə 2 MVt-lıq bir stansiya 500-600 mənzili enerji ilə təmin edə bilər. Yeni texnologiyaların tədbiqi ilə bu rəqəmlərin artacağına şübhə yoxdur. Göründüyü kimi, bütün təbii imkanlara baxmayaraq, bu qədər faydalı və ekoloji təmiz bir enerji növünün alınması haqqında Azərbaycanda hələdə yalnız danışırlar.

Çılğın proje və ya alternativ enerji axtarışı

Təbii ki, indi dünya alimlərinin alternativ enerji mənbələrinin araşdırılmasına yönəlik bütün fəaliyyətini göstərmək mümkünsüzdür. Hər bir dövlət enerji təhlükəsizliyini təmin etməyi düşünür və bu sahədə ciddi fəaliyyət göstərir. Təəccüb doğuran bir məsələni bu yaxınlarda oxudum. Bildiyiniz kimi Türkiyə Baş naziri Ərdoğan Bosfordan bir neçə kilometr aralıda, Qara və Mərmərə dənizlərini birləşdirən yeni kanal tikintisinə başlamaq niyyətindədir. Türkiyədə kimlərinsə “çılğın proje”, və ya “avantüra” adlandırdığı bu layihənin də əsas məqsədi yeni enerji mənbələrinə sahib çıxmaq imiş. BMT yanında Hidrogen texnologiyaları araşdırma mərkəzi (ICHET) artıq uzun illərdir qeyd edir ki, Bosforun sualtı axınlarında böyük hidrogen enerjisi alınması üçün istifadə edilə bilər. Lakin Bosforda olan böyük gəmi axını bunu həyata keçirməyə imkan vermir. Yeni kanal gəmilərin məhz Türkiyə ərazisindən keçməsini təmin edir - bu Türkiyə üçün çox əhəmiyyətlidir. Eyni zamanda Türkiyə yeni enerji mənbələrinə sahib olur. ICHET artıq Türkiyədə ilk hidrogen yanacaq doldurma məntəqəsini inşa edir və onun tikintisi 2011-ci ilin sonuna tamamlanmalıdır. Mazda şirkəti isə Türkiyədə hidrogen yanacağı ilə işləyən ilk avtomobil istehsalına hazırlaşır.

Bizdə - Dövlət proqramı varsa, yetər

Hər sahədə olduğu kimi, bu sahə üzrə də Azərvaycanın dövlət proqramı var - 2004-cü ildən bəri. Xüsusi bir agentlik də yaradılıb. Dövlət proqramında əks olunan vəzifələrə baxsaq görərik ki, Azərbaycanda artıq bir sira işlər tamamlanmalı idi. Məsələn 2008-ci ilə qədər Naxçıvan MR-də külək enerjisindən istifadə olunmalı, 2007-ci ilə kimi Abşeronda, Mil-Muğan bölgəsində və Naxçıvan MR-də evlərin, məişət binalarının isti su ilə təmin olunması üçün günəş kollektorları tətbiq edilməli idi. Günəş enerjisinin alınmasında istifadə olunan fotoelementlərin istehsalına başlanmalı idi. Payız qış mövsümündə istixanalar geotermal su mənbələri hesabına qızdırılmalı idi. Eyni zamanda geotermal su mənbələrindən həmçinin yaşayış evlərinin qızdırılması və isti su ilə təmin olunmasında istifadə edilməli idi (2005-2013 illər).
Azərbaycanda bir neçə il öncə bir neçə külək enerji stansiyası quraşdırıldı və proses dayandı. Bu yaxınlarda Qobustanda külək və günəş enerjisindən istifadə üçün stansiya inşa edilib. Lakin stansiyanın tikilməsi enerji təminatı üçün yetərli deyil. Alternativ Enerji Agentliyinin direktor müavini Cəmil Məlikov 2 mart tarixində APA-ya bildirib ki, əhali əlavə olaraq günəş kollektorları almalıdır. Kollektorlar bahalı olduğu üçün isə, əhaliyə güzəştli kreditlər veriləcək. Azərbaycanın ən kasıb rayonlarından olan Qobustan əhalisinin krediti necə ödəyəcəyi sual altındadır. Demək banklar risk edib kredit verməyəcək, stansiyanın tikilməsinə sərf olunan milyonlar isə batıb gedəcək.

“Azadlıq”ın araşdırma qrupu  

  • Yazılıb
  • da (də) 2011 Jul 02