Tarix : 2011 Jul 02
Kod 23785

Şeyx həbsdəki qudasının müdafiəsinə qalxdı

2 həftə əvvəl İspaniya polisi əməliyyat keçirib keçmiş Misir diktatoru Hüsnü Mübarəkin çirkli pullarının Avropada yuyulmasını təşkil edən şəxsləri yaxaladı
well/Aran agentliyi

2 həftə əvvəl İspaniya polisi əməliyyat keçirib keçmiş Misir diktatoru Hüsnü Mübarəkin çirkli pullarının Avropada yuyulmasını təşkil edən şəxsləri yaxaladı. Tutulan 3 nəfərdən biri uzun müddət Azərbaycanda bizneslə məşğul olmuş türk iş adamı, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin qudası Əli Evsen oldu. Artıq tutulanlara qarşı çirkli pulların yuyulması, rüşvətxorluq və korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.

Bu barədə dünya mətbuatı ilə yanaşı ölkə mediasında da müxtəlif səpkili yazılar dərc olundu. Maraqlıdır ki, şeyx bir müddət susqunluqdan sonra qudası barədə “cinayəti varsa, cəzasını çəkməlidir” deməklə kifayətləndi. Dünən isə reklam şərtləri ilə saytlardan və qəzetlərdən birində Əli Evsenin Azərbaycanda gördüyü işlərdən bəhs edən yazı dərc olunub. Həmin yazıda Əli Evsenin Şamaxını dirçəltməsindən bəhs edilir, türk iş adamının xeyirxah olmasından danışılır. Sanki Əli Evsen Azərbaycanda ancaq və ancaq xeyriyyəçiliklə məşğul olub, qazandığı pulları da ölkəmizdə qoyub gedib. (Halbuki Əli Evsen özü etiraf edib ki, Azərbaycana gələrkən imkansız biri olub, amma sonradan varlanıb, iri çaplı iş adamlarından birinə çevrilib).

Saytlardan biri isə şeyxi öyüb - klassik sovet tərifnamə-yazıları stilində. Bu yazıların stilindən belə anlaşılır ki, şeyx özünün və qudasının müdafiəsinə qalxıb. Amma məlum deyil ki, şeyx özünü və qudasını Azərbaycan mediasından niyə qoruyur? Məgər onun qudasını İspaniyada həbs etdirən Azərbaycan media quruluşlarıdır?

Hüsnü Mübarək sadə və müsəlman dininə etiqad edən misirlilərin pulunu oğurlayanda hörmətli şeyximiz qudasına haram pulları “halala” çevirməsini niyə irad tutmurdu? Əgər vaxtında bunu etsəydi, indi qudası ilə bərabər özünün anbardar, sex rəisi və s. kimi müəlliflərin bəsit müdafiəsinə heç ehtiyac olmazdı.

Xatırladaq ki, Mübarəkin xalqından oğurladığı pulları diktatora yaxın misirli iş adamı Hüseyn Salem, onun oğlu Xalid Salem və Əli Evsen Avropada “yuyublar”. Hüseyn Salem “East Mediterranean Gas” (EMG) şirkətinin böyük ortağıdır, o, Misir qazını bazar qiymətlərindən ucuz İsrailə sataraq xalqın sərvətlərinə zərər vurmaqda, əldə edilən pulun İspaniyadakı bank hesablarına göndərilməsini təşkil etməkdə günahlandırılır.

Yeni Müsavat 

  • Yazılıb
  • da (də) 2011 Jul 02