Yazıma başlamamışdan əvvəl hər kəsdən daha çox hicab üçün əziyyət çəkən və öz azadlıqlarını qurban verməkdən belə çəkinməyən ...
well/Aran agentliyi
Yazıma başlamamışdan əvvəl hər kəsdən daha çox hicab üçün əziyyət çəkən və öz azadlıqlarını qurban verməkdən belə çəkinməyən “hicab məhbusları”na salam olsun deyirəm.
Azərbaycanda son günlər, xüsusilə İranın İslami Şurasının rəhbəri Əli Laricaninin Azərbaycana səfəri ərəfəsində və hazırda ölkədəki hicab probleminin həlli ilə bağlı bəzi xəbərlər yayılmağa başlayıb.
Ölkədə nə baş verir? Həqiqətənmi hicab məsələsinin həlli Laricaninin hansısa xahişi və ya başqa bir şeylə həll ediləcək? Ola bilər.
Əlbəttə ki, hicab məsələsinin ciddiliyini artıq yavaş-yavaş hər kəs anlamağa başlayır. Çünki ölkədəki məscid probleminin baş verdiyi dönəmlə bu günü müqayisə etsək, indi ruhanilərin əksəriyyətinin “hicab qadağası aradan qaldırılmalıdır” deməsi, milləti sevən deputatların da məsələnin həlli istiqamətində addım atmaq istəməsi məsələnin çox ciddi olduğunun nişanəsidir.
15-16 nəfərin sırf “hicab məhbusu” kimi mediada adının hallanması da artıq ölkədə hicabla bağlı azadlıqlarından keçənlərin sayının az olmadığını göstərir.
Bəzən bizə verilən “hicab probleminin həlli istiqamətində filan şeyi dəstəkləyirsinizmi?” sualına(təmsil etdiyimiz təşkilat rəsmisi olaraq), cavabımız bu olur: “əlbəttə ki, hicab məsələsinin həll olunması uğrunda ixlasla atılan hər bir addımı dəstəkləyirik. Bu addımlar istər hər kəsin bildiyi sivil yol olmuş olsun, istərsə də kontutusiyamızın bizə verdiyi, lakin bəzilərinin nəzərində “qeyri-sivil” canlandırılan aksiya olsun”.
Hicabın azadlığı uğrunda bu qədər həbslər, dəyənəklərdən xəsarət alanlar, gözü yaşlı analar və bacılar. Bəyəm bu məsələnin həllini istəməyən İslami Təşkilat ola bilərmi?
Bəzən də bizə sual edirlər: “hicab problemi həll ediləcəkmi?”. Vallah çətin sualdır, amma bu sualın cavabı yalnız və yalnız “Vəhdətə, ixlasa, vəzifəyə əməl etməyə, məqampərəstlikdən uzaq olmağa bağlıdır”.
Həmçinin bunu unutmayaq ki, məscid məsələsi probleminin həlli kimi hicab məsələsinin həlli də, Allahın Qüdrətilə olacaq.
Bəzən isə “hicab məhbusları” ilə bağlı bəzi şəxslərin nəfsani və məntiqsiz fikirlər səsləndirdiyini bizə bildirirlər. Qurana görə qeybət edən ölmüş qardaşının ətini yeyir. Hədislərdə isə qeyd edilir ki, qeybət edənin tövbəsi qəbul olsa Cənnətə axırıncı girəcək. Hər halda Cənnətə axırıncı girmək istəmiriksə, təkcə hicab məhbuslarının deyil, bütün möminlərin qeybətini etməməyi özümüzə söz verməliyik.
İmam Əli (ə) buyurur: “Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür”. Hicab məsələsində hələ ki, “hicab məhbusları” qədər fədakar şəxslər olmadığına görə məsələnin həll ediləcəyi təqdirdə onların rolunun müsbət nəticənin əldə olunmasında əsas əhəmiyyət kəsb etməsi danılmazdır. Çünki, bu şəxslərin “yusifiyyə mədəniyyəti”nin ölkədə təsis etməsi, bu iqtidarın heç də marağında deyil. Yəni möminlərin öz azadlıqları uğrunda zindanı seçməsinin adi və kütləvi hal alması əslində cəmiyyətdə formalaşdırılmağa çalışılan “xof tilsimi”nin sınması və iqtidarın tədricən zəifləməsi anlamına gəlir. Bu da ərəb ölkələrindəki “domino effekti”nin ölkəmizə də sirayət etməsi barədə olan ehtimalların reallığa yaxın olduğunu düşünməyə imkan verir. Bu səbəbdən düzgün “əlahəzrət” məntiq deyir ki, iqtidar hicab məsələsinin həlli üçün dindarların xeyrinə addım atacaqdır. Düzdür hər bir amilin bu məsələnin həllində öz payı olacaqdır. Hər halda ümid edirik ki, hicab qadağasının aradan qaldırılması dindarların öz vətənində qəribliyinə son verəcək və onlar da digər həmvətənləri kimi gələcək illərdə ictimai sahələrdə fəallıqlarını sübut edəcəklər. Şübhəsiz ki, hicab qadağasının ləğvi dindar kəsimin deyil, bütövlükdə Azərbaycanın, ölkəmizdəki vətəndaş cəmiyyətinin, vicdan azadlığının qələbəsi olacaqdır. Əksi isə məğlubiyyətdir, parçalanmadır, dövlətə və millətə zərbədir.
Allah bizi axırıncıdan qorusun!
P.S. Yuxarıda qeyd etdiyim “Vəhdətə, ixlasa, vəzifəyə əməl etməyə, məqampərəstlikdən uzaq olmağa bağlıdır” cümləsinin hamısının bir-bir açıqlaması var. Lakin yazımın uzun olmaması üçün bu barədə uzun-uzadı yazmaq istəmədim.
Ramin Bayramov