Tarix : 2011 Jul 03
Kod 23791

İslamçılar mitinq üçün qərar gözləyir

İnqilab Əhədli: “Əsasən həbsdəki qardaşlarımızın azadlığını tələb edəcəyik”
well/Aran agentliyi

Xəbər verdiyimiz kimi, İslam Partiyasının lideri Mövsüm Səmədov və həbs olunan digər dindarların istintaqı başa çatıb. Artıq ittiham aktı təqsirləndirilən şəxslərin vəkillərinə təqdim olunub, həmçinin iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, M.Səmədov, sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov bu ilin yanvarında tutulublar. Bundan başqa, M.Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədov və başqa qohumu Firdovsi Məmmədrzayev də həbs olunub.

Eyni zamanda sonrakı dövrdə AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasov həbs olunublar. AİP-çilər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Ancaq AİP rəhbərliyi həbslərin sifarişli olduğunu, bunun arxasında dayanan əsl səbəbin M.Səmədovun yanvarın 2-də partiyanın toplantısında hakimiyyəti tənqid etməsinin dayandığını deyir. Qeyd edək ki, AİP həbslərə və davam edən hicab qadağasına etiraz olaraq aksiya keçirməyə təşəbbüs etsə də, Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif bəhanələrlə aksiyalara icazə verməyib. Bu günlərdə İslam Partiyası yenidən aksiya keçirməklə bağlı qərar qəbul edib. Bununla bağlı hazırlanan müraciətdə qeyd olunur ki, iyulun 5-də Bakının “Ulduz” metro stansiyası yaxınlığında, yaxud “Təbriz” kinoteatrının qarşısında aksiya keçirilməsi planlaşdırır.

“Media forum” saytına açıqlamasında AİP sədri səlahiyyətlərini icra edən Elçin Manafov bu, müraciətin sayca üçüncü olduğunu deyib, eyni zamanda BŞİH-in təklif edəcəyi digər məkanlarda aksiya keçirə biləcəklərini deyib: “Əsas odur ki, biz öz sözümüzü deyək və bu mitinq icazəli olsun ki, kimsə ziyan çəkməsin”.

İslam Partiyası sədrinin müavini İnqilab Əhədli isə “Yeni Müsavat”a bildirdi ki, bir həftə ərazində partiya üzvlərinin məhkəməsi başlayacaq. İ.Əhədli məhkəmənin açıq keçiriləcəyini və AİP nümayəndələrinin prosesi izləyəcəyini bildirdi. AİP funksioneri iyulun 5-də keçirilməsi planlaşdırılan mitinqin əsas şüarının həbs olunanların azadlıqğa buraxılması olacağını qeyd etdi: “Mitinqin şüarı dəyişməyib, Qarabağın və işğal altındakı torpaqların azadlığı, islamafobiyaya etiraz, hicab qadağasının ləğv olunması və hicab qadağasına etirazlara görə həbs olunan qardaşlarımızın azadlığı”.

İ.Əhədli ölkə başçısının qəbulunda olmaq üçün müraciət etdiklərini, ancaq müraciətlərinin nəticəsiz olduğunu bildirdi: “Bizim prezidentlə görüş müraciətimizə cavab olaraq bizi Prezident Adminstrasiyasının şöbə müdiri Müzəffər müəllimlə görüşdürdülər, yəni bununla da prezidentin qəbulunda olmayacağımızı dedilər. Bununla da bizim müraciətimiz qəbul olunmadı”.

KƏNAN

 

 

 

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 03