Fərhəngi: Bakı rəsmiləri bir neçə aya kimi İran vətəndaşları üçün viza rejiminin ləğv ediləcəyi haqda söz veriblər
well/Aran agentliyi
Fərhəngi: Bakı rəsmiləri bir neçə aya kimi İran vətəndaşları üçün viza rejiminin ləğv ediləcəyi haqda söz veriblər.
Təbriz şəhərinin İran İslam Şurası Məclisindəki nümayəndəsi Məhəmməd Hüseyn Fərhəngi deyib: İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani və onu müşayiət edən heyətin Bakıda səfərdə olarkən aparılan danışıqlar zamanı Azərbaycan rəsmiləri İran vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinin həllinə söz verdilər.
Məhəmməd Hüseyn Fərhəngi dünən axşam Beynəlxalq Səhər Kanalının Azərbaycan dilində verilişlər yayımlayan televiziyasının "Kompas" verilişi ilə müsahibədə bu məsələ ilə bağlı dəqiq zamanın müəyyənləşdirilmədiyin qeyd edərək, məsələnin həlli ilə bağlı qarşıdan gələn bir neçə ay ərzində lazımı işlərin görüləcəyi haqda söhbətlərin olduğunu bildirib.
Təbriz şəhərinin İran İslam Şurası Məclisindəki nümayəndəsi həmçinin deyib: İran İslam Respublikası hökumətinin Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsinin ardınca onların İrana səfərləri daha da asanlaşmış oldu. Amma, qarşı tərəf hələ ki, İran vətəndaşları üçün viza rejimini ləğv etməyib. Buna görə də müəyyən çətinliklər yaşanır.
Cənab Fərhəngi sərhəd keçid məntəqələrində insanların gediş-gəlişi üzrə zaman-zaman müəyyən çətinliklərin yaşandığına işarə edərək, hər iki ölkənin öz daxili məsələləri çərçivəsində bu problemlərin aradan qaldırılması istiqamətində lazımı tədbirlər görmələri haqda anlaşmanın əldə olunduğunu da deyib.
İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Məhəmməd Hüseyn Fərhəngi İranın parlament heyəti ilə Azərbaycan rəsmiləri arasında bu məsələ ilə bağlı aparılan müzakirələrin konstruktivliyini qeyd edərək, deyib: Müzakirələrin yekun sənədində iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin lazım olduğu səviyyədə olmadığı vurğulandı. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi ən nikbin halda yarım milyard dollar olub. Bu isə həddən artıq aşağı göstəricidir. İki ölkənin malik olduğu potensialları və qonşuluq münasibətlərini nəzərə aldıqda bu rəqəm 10-20 milyard dollardan az olmamalıdır.
Müştərək iqtisadi layihələrin icrası, o cümlədən Astara-Astara dəmiryol xəttinin çəkilişi yolu ilə iki ölkənin dəmir yol şəbəkələrinin birləşdirilməsi haqda mühüm müzakirələrin həyata keçirildiyini xatırladan Fərhəngi "Əlbəttə, bu dəmir yolunun çəkilməsi üçün İranın daxilində böyük sərmayələrin qoyulmasına ehtiyac var. Astara şəhəri İranın dəmiryol şəbəkəsinə qovuşdurulmalıdır. Amma, Azərbaycan tərəfindən vəziyyət daha asandır. Və daha qısa məsafə üçün yeni dəmiryolu xətti çəkilməlidir." dedi.
Təbriz şəhərinin İslam Şurası Məclisindəki nümayəndəsi Səhər kanalı ilə müsahibəsinin davamında Azərbaycana olan səfər zamanı Təbriz-Bakı magistral yolunun çəkilişi üzrə layihə sənədinin Bakı rəsmilərinə təqdim olunduğunu və onların bu layihəni mütaliə edəcəklərini bildirdiklərini də qeyd edib.
Cənab Fərhəngi Qarabağ məsələsi ətrafında aparılan müzakirələrə də aydınlıq gətirib: "Bir qədər məsələnin tarixinə nəzər salındı. Cənab Laricani bildirdi ki, Azərbaycan Respublikası bu məsələ ilə bağlı aydın strategiyaya malik deyil. Və məsələ qarşısında dəqiq qərar qəbul edə bilməyib. Buna görə də məsələnin həlli üzrə hələ ki, nəticə əldə olunmayıb. Yalnız şifahi formada sifarişlərin edilməsi ilə bu və ya digər tərəflərin məsələnin həllinə nail olmaq istəyir. Bu isə heç bir nəticə verməyib. Hər halda ya rəsmi formada hərbi seçimə üz tutulmalı və Səddam rejiminin təcavüzləri zamanı İranın öz hüquqlarını müdafiə etmək üçün hərbi yola üz tutduğu kimi hərəkət edilməli, Azərbaycan xalqının haqları təmin olunmalı, ya da müzakirə yolunu davam etdirməlidir. Müharibənin zərər və ziyanları həddən artıq çoxdur. Həm Azərbaycan, həm də Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Müzakirə yolu isə daha asandır. Amma, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar heç bir irəliləyiş əldə edə bilməyib"- deyə Fərhəngi qeyd edib.
Məhəmməd Hüseyn Fərhəngi sözlərini belə davam etdirib: İran İslam Respublikası bildirdi ki, lazımı şəraitin yaranacağı və hər iki münaqişə tərəfinin istəyəcəyi təqdirdə danışıqlarda iştirak və məsələnin həllinə kömək edəcək. Amma, bu məsələdə müvəffəqiyyətin əldə olunmasının əsas şərti hər iki münaqişə tərəfinin razılığıdır. Və İranın böhranların həllinə nail olduğu hər bir ölkədə, məsələnin həllinə yardım istəyi elə həmin ölkənin özü tərəfindən irəli sürülüb.
İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü sonda belə deyib: İranın parlament heyətinin Bakıya səfəri zamanı əcnəbilərin region məsələlərinə müdaxiləsi haqda da danışıqlar aparıldı və bildirildi ki, əcnəbilərin müdaxiləsi heç bir ölkənin xeyrinə olmayıb