Tarix : 2011 Jul 04
Kod 23813

Hakimiyyət dindarlara ''elçi'' göndərir?

İqtidarın gələcəkdə yaşana biləcək problemlərdən sığortalanmaq üçün islamçılarla anlaşmaq istəyində olduğu deyilir
well/Aran agentliyi

Bu ilin əvvəlindən etibarən fəallaşan dindarlarla bağlı hakimiyyətin tutduğu sərt mövqenin artıq işə yaramadığı üzə çıxıb. İqtidar mənsublarının həbs, təqib və təzyiq vasitələri ilə susdurmaq istədiyi bu kontingentin hər şeyə rəğmən yenə də mübarizə aparması isə ciddi başağrısına çevrilib.
FaktXeber.com-un Tribuna İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, hazırkı həssas məqamda dindarların meydana çıxaraq, aksiyalar təşkil etməsi məsələsi yuxarı dairələrdə xeyli vaxt müzakirə edilib. Mənbənin bildirdiyinə görə, həmin müzakirələrdən sonra belə qərara gəlinib ki, indiki vəziyyətdə dindarların müxalifətə çevrilməsinə imkan vermək olmaz. Amma bu prosesin reallaşması üçün təzyiq və həbslərdən yararlanmaq da faydasızdır. Əksinə, bu cür hallar baş verdikcə dindarlar daha da mütəşəkilləşirlər.
Məlumatı verən mənbə bildirir ki, Azərbaycan hakimiyyəti gələcəkdə mümkün təhlükələrdən sığortalanmaq məqsədi ilə yeni bir addım atmaq qərarına gəlib. Həmin qərara əsasən ölkə dindarları ilə danışıqlara gedərək, onların neytrallaşdırılmasına nail olmaqdır. Bunun üçün gərəkən təkliflər də hazırdır, sadəcə, onu dindarlara təqdim etmək qalıb.
Hakimiyyət tərəfindən dindarlarla danışıqlar aparmaq missiyası isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) həvalə olunub. Amma onlarla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də prosesdə iştirak etmək haqqı qazanıb. Dindarlar tərəfindən kimlərlə görüşülməsi məsələsi isə hələlik bəlli deyil. Belə ehtimal olunur ki, iqtidar bu zaman İslam Partiyası və bəzi aparıcı dini icmaların rəhbərləri ilə anlaşmağa çalışacaq.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04