“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatı ilə birgə “Azərbaycan Respublikasında ...
well/Aran agentliyi
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatı ilə birgə “Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə” mövzusunda Milli Konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri Kamil Səlimov bildirib ki, hazırda Azərbaycanda 251 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var.
K. Səlimov 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunduğunu, bundan sonra ölkədə ömürlük həbsə məhkum edilənlərlə bağlı ciddi işlər görüldüyünü, cəzaçəkmə müəssisələrində liberallaşdırma həyata keçirildiyini deyib. O, həmçinin deyib ki, son 10 il ərzində Azərbaycanda ömürlük həbsə məhkum edilənlərə verilən görüşlərin sayı 4 dəfə artırılıb. Hazırda onlar radio və televiziya verilişlərinə baxa, yaradıcılıqla məşğul ola bilirlər.
Birlik sədri qeyd edib ki, ömürlük məhkumların saxlanma şəraiti xeyli yaxşılaşsa da, onların din xadimlərinə və psixoloqlara olan tələbatı hələ də ödənilməyib: “Bir neçə il əvvəl bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət etdik. Onunla, pravoslav və katolik kilsələrinin nümayəndələri ilə birgə görüş keçirdik. Təəssüf ki, bu iş yarımçıq qaldı. Ədliyyə Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında belə bir müqavilə bağlanmalıdır. Bu, həbsxanada baş verən intiharların qarşısını almağa yardım edər. Ömürlük həbsə məhkum edilənlərin psixoloq yardımına da ehtiyacı böyükdür. Hər psixoloq orada işləyə bilmir”.