Tarix : 2011 Jul 07
Kod 23909

İlqar İbrahimoğlu: “Əgər hamı bu problemi özününkü bilsə – 100 min rəqəmi çox azdır”

2010-2011-ci təhsil ilində vahid məktəbli forması tətbiq olunmaqla ölkədə ciddi problemin əsası qoyuldu
well/Aran agentliyi

2010-2011-ci təhsil ilində vahid məktəbli forması tətbiq olunmaqla ölkədə ciddi problemin əsası qoyuldu. Belə ki, vahid məktəbli formasına baş örtüyünün salınmaması inanclı müsəlman qızlarının təhsildən kənarlaşdırılmasına səbəb oldu. Nəticədə hicab məsələsi aktuallaşmaqla dinə qarşı təzyiqlər də artmağa başladı. Təbii ki, yaranmış problemin həllini vəziyyəti qiymətləndirməyi bacaran ruhanilər, ilahiyyatçılar və hüquq müdafiəçiləri haqlı olaraq, ancaq sivil yolla mübarizədə görürlər. Bu məqsədlə “Prezidentə yüz minlik imza toplama” aksiyası artıq başlayıb. Biz də Xəbər.İnfo məlumat portalı olaraq, aksiyanın təşkilatçısı, Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə söhbətləşdik.

 

- Hacı, bu kampaniyanı keçirməkdə məqsədiniz nədir?

 

- Kampaniyanı keçirməkdə yaxın məqsəd – məktəblərdə yer alan hicab qadağasının aradan qaldırılmasına nail olmaqdır. Ali məqsəd – ölkədə milli birliyə, daxili vəhdətə öz töhfəmizi vermək, vicdan azadlığı ilə bağlı problemləri köklü həll etməkdir.

- Bu kampaniyanı hansısa təşkilatla keçirdirsiniz, yoxsa tək DEVAMM olaraq?

- DEVAMM – burada təşəbbüskardır, təşkilatçılıq missiyasını üzərinə götürəndir. Bu məsələdə artıq 50-yə yaxın insanı birləşdirən təşkilati qrup vardır. Bir neçə yüz nəfərlik təşkilati qrupun konturları artıq atılmışdır. Perspektivində min nəfər könüllünü birləşdirəcək bir sxemə doğru getmək niyyətindəyik. Bu, tək DEVAMM-ın məsələsi deyil. Hətta yalnız dindarların da mövzusu deyil. Milli birliyə töhfə vermək, insan haqlarının təntənəsini bərqərar etmək istəyən hər bir vətəndaşı özündə birləşdirən bir təşəbbüsdür. Ölkənin bir çox nüfuzlu simaları bu məsələdə öz iştiraklarını təsbit ediblər. İnanırıq ki, bütün bunlar gözəl nəticələr verəcəkdir.

- Hazırda bununla bağlı hansı işlər görürsünüz?

- Artıq ilkin məsləhətləşmələri və ibtidai təşkilati məsələləri özündə ehtiva edən mərhələ geridə qalıb, bilavasitə imzatoplama mərhələsinə keçid etmişik. İmza vərəqələri hazırlanıb, paylanıb, ilkin imzalar atılıb. Təbliğat prosesi davam edir. Çalışacayıq ki, 2 həftə ərzində – İmam Mehdinin (ə.f.) mübarək mövludu günü üçün azı 30-35 min imza əldə edək. Ən çətini – kampaniyanın ilk 1/3-ni haqlamaqdır. Bundan sonra müəyyən vərdişlər, işlək sxemlər yaranır, könüllülərin sayının keyfiyyət baxımından artımı baş verir. Sonrakı etapda vəziyyəti təhlil edib, yeni mərhələyə keçid üçün zəruri olan addımları müəyyənləşdirəcəyik, inşaallah.

- Əminsiniz ki, nəzərdə tutduğunuz sayda imza təmin edə biləcəksiniz?

- Yüz min imza – həm çoxdur, həm az. Əgər hamı bu problemi özününkü bilsə – 100 min rəqəmi çox azdır. Bu halda bəlkə qat-qat çox imza toplana bilər. Əgər insanlar problemə biganə qalsalar, “bundan mənə nə?!” məfkurəsi ilə hərəkət etsələr, onda bu, çoxdur.

- Yüz min imza ilə müraciət edəcəyiniz təqdirdə müsbət cavab alacağınıza nə qədər inanırsız?

- Bilirsiniz, əgər hətta 100 min yox, 10 min imza ilə müraciət etsəydik belə, müsbət cavab almağa ümidimiz çoxdur. Burada bizim niyyətimiz dəqiqdir, açıqdır, şəffafdır – vicdan azadlığı sahəsində qalaqlanan problemlərə bir köklü dəyişiklik etmək, xoşməramlı yanaşma ilə milli vəhdətə öz töhfəmizi vermək. Məramımız bölüşdürmək deyildir, birləşdirməkdir. İstəyirik ki, inkişaf üçün zəruri olan – sabit və dayanıqlı ictimai vəziyyətin yaranmasına doğru irəliləyək.

Ümid edirəm ki, işimiz uğurlu, fəaliyyətimiz xeyirli və zəhmətimiz dəyərli olacaq.

xeber.info

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 07