Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ölkənin üç tanınmış ruhanisinin məhkəməsi keçirilib
well/Aran agentliyi
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadə, Masallı ruhanisi Hacı Fəramiz Abbasov, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin ilkin məhkəmə prosesi keçirilib.
Cinayət işinə baxış keçirilib və hakim, vəkil, dövlət ittihaçmçısı və müttəhimlərlə tanışlıq olub.
Daha sonra Mövsüm Səmədovun vəkili Anar Qasımov, hüququnu müdafiə etdiyi şəxsin heç bir ictimai təhlükə törətmədiyini bildirərək, onun dəmir barmaqlıqlar arxasında deyil, yanında oturması vəsatəti ilə çıxış edib. Amma onun vəsatətinə AİP sədri etiraz edib və "mənə burada oturmaq daha rahatdır", - deyib.
Hakim Eldar İsmayılovun Mövsüm Səmədovdan iş yeri barədə sualına müttəhim, "mən Azərbaycan İslam Partiyasının sədriyəm", - deyə cavab verib. E.İsmayılov İslam Partiyasının "qeydiyyatının olmadığını" söyləməsinə isə qarşı tərəfin cavabı belə olub: "AİP 1992-ci ildə dövlət qeydiyyatına alınıb, lakin 1996-cı ildə qeydiyyatı ləğv olunub"
İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
İslamçilari müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Fakt Xeber