Tarix : 2011 Jul 09
Kod 23965

Zaman keçsin, hər şey düzələcək

HaqqYolu.org portalının Mübariz Ruhanilər Cəmiyyətinin (MRC) sədri ruhani-tələbə Tohid İbrahimbəyli ilə müsahibəsi
well/Aran agentliyi

-Salam, dəvətimizi qəbul edib, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.

 

-Mənim də minnətdarlığımı qəbul edin. Zəhmət çəkirsiniz.

 

-Söhbətimizdə Hicab Qadağası, Hicab Məhbusları və son hadisələrə münasibətinizi öyrənəcəyik. İlk sual budur: Hicab Qadağasından sonra dini fəaliyyətlərin nə faydası olub?

 

-Əsas iş mövzunun ictimailəşməsidir. Artıq Hicab Qadağası bütün Azərbaycan üçün ağrılı mövzudur. Bundan əlavə mövzu ölkə sərhədlərini aşdı, beynəlxalq əhəmiyyət kəsb etdi.

Dövlət Hicab Qadağasını qəbul etdirə bilmədi, işi dalana dirəndi. Əvəzində cəmiyyət aktivləşdi.Təsəvvür edin ki, hicab orta məktəblərdə qadağan edilib və hazırda tətildir. Amma hicab mövzusu gündəmdən düşmür, hər gün gündəmdə daha artıq yer alır.

 

-Sizin dediklərinizdən belə anlaşıldı ki, Hicab Qadağası dini kəsim üçün yalnız inkişaf, tərəqqi, qazanc gətirib. Bəs dindarlar arasındakı ixtilafları nəzərə almırsınız?


-Hicab Qadağasına qarşı çıxmaq bütün müsəlmanların vəzifəsidir. Amma bütün müsəlmanların imkanları eyni deyil. Kimi etiraz aksiyası keçirir, kimi məqalə yazır, kimi sadəcə namaz üstə dua edir.

Azərbaycan Respublikasında mərhum Hacı Əlikram və onun çevrəsində başlamış İslam hərəkatının nə yaşı var ki! Biz hərəkatın başlanğıcındayıq və yüngül fikir ayrılıqları təbiidir. Zaman keçdikcə, fəallar təcrübə topladıqca ixtilaflar da həllini tapacaq.

Dini kəsim təcrübəsiz olduğundan çoxları düşünür ki, bütün fəaliyyətlər bir istiqamətdə, bir boyada olmalıdır. Bu istək nə nəzəri, nə təcrübi baxımdan məqbul deyil. Cəmiyyətdə müxtəlif mübarizə üsulları var. Hər zümrə öz imkanlarından çıxış edir. Biri aksiya, o biri konfrans keçirir, üçüncü biri yalnız tanışlarını maarifləndirir.

Bütün səthi fikir ayrılıqlarına baxmayaraq bir şey aydındır: nə hicab qadağası, nə dindarların repressiyası qəbul edilməyəcək!
 

-Siz səthi təfriqə deyirsiniz. Hansı ki dini cəmiyyətlərdən birinin fəalı “bu MRC haradan çıxdı” deyə sizin qurumun bəyanatlarını, fəaliyyətlərini heç cayır. Hətta xəyanətdə ittiham edilirsiniz.

 

-Nəzərdə tutduğunuz sözlərdən xəbərim var. Tarix boyu belə şeylər olub. Sənin adını çəkirlərsə, sənə qarşı çıxırlarsa, demək varsan və fəaliyyətlərin qəbul edilir. Sadəcə səliqə fərqinə görə bəziləri tutumsuzluq göstərir. Elə bilirlər ki, hamı eyni olmalıdır. Axı dindar dəmir adam - robot deyil. İnsanlar baxışlarına görə cəmiyyətlərdə birləşir. Mübariz Ruhanilər Cəmiyyəti də  nizamnaməsi olan dini bir cəmiyyətdir. MRC-nin “haradan çıxdığını” bu qurumun sədrini həbsə almış polis rəisləri yaxşı bilir. Bizi artıq həbsxana divarları tanıyır.

Bir əhvalat yadıma düşür. Mərhum İmam Xomeyni (r) məlun Salman Rüşdiyə ölüm hökmü verəndə İranın xarici işlər naziri doktor Vilayəti idi. Vilayəti xaricdə olanda ölüm fitvası haqqında sual vermişdilər. Demişdi ki, Salman Rüşdi mənim də qarşıma çıxsa öldürərəm. İrana döndükdən sonra mərhum İmam (r) cənab Vilayətini qınamışdı ki, sən diplomatsan, belə danışmamalısan.

Aydın olur ki, fərqli fəaliyyətlər təbii qarşılanmalıdır. MRC həm xaricdə, həm Azərbaycanda İslam yolunda bacardığını edir və buna görə təzyiqlərlə üzləşir.

Xəyanətdə ittiham edən düşünməlidir ki, MRC-nin son məqsədi nədir? Bizi birləşdirən son məqsəddir. Əgər son məqsədimiz Allahın razılığıdırsa, hansı xəyanətdən danışmaq olar?!

 

-Bir az da açıq danışaq. “100 min imza” kampaniyasına dəstək verdiyiniz üçün ittiham edilirsiniz. Bəziləri bi kampaniyanı hicab məhbuslarına ölüm hökmü sayır.

 

- Mərcəiyyət buyurur ki, bu problemi sivil yolla həll edin. Sivil yolun ən yüksək forması kütləvi etiraz aksiyasıdır. “100 min imza” da başqa bir sivil yoldur. Toplanmış 100 min imza bizim üçün beynəlxalq müstəvidə bir sənəddir. İndi təsəvvür edin ki, bir qrup qardaşımız yalnız mitinq deyib durub. Mitinqə qatılmaq hamının imkanındadırmı? Məsələn, mən xaricdəyəmsə, necə qatılım mitinqə? Biri xəstəsə, yerindən qalxa bilmirsə, necə gəlsin mitinqə? Biri yüksək vəzifədədir, amma Allah adamıdır, mitinqə qatılsa işdən çıxarılacaq, təqib olunacaq – nə etməlidir?

Amma mən xüsusi qeyd edirəm: etiraz aksiyalarına qatılan, canından keçən, həbsə düşən, döyülən insanla dinc dini təbliğat aparanın savabı eyni deyil. Quranda Nisa surəsinin 95-ci ayəsində buyurulur: “Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.”  
Bu baxımdam MRC “100 min imza” kampaniyasını dəyərləndirir və dəstəkləyir. Hacı İlqar qardaşımızın İslam yolunda böyük zəhmətləri var. Bizi riyakarlıqda ittiham edirlər. Biz Hacı İlqar, Hacı Şahini o zaman tənqid etmişik ki, müəyyən vədlərə inanıb gözləmə mövqeyi tutmuşdular. Əgər biz bu qardaşları Allah eləməmiş alçaltmışıqsa nə üçün onlar yox, başqaları etiraz edir? Biz Hacı İlqara, Hacı Şahinə rahat etiraz edir, onların etirazlarını rahat qəbul edirik. Dini cəmiyyət qulların cəmiyyəti deyil, xor dəstəsi deyil.

Amma kampaniyaya də iradımız da var. Çox istəyərdik ki, “100 min imza” kampaniyasında hicab məhbuslarının azadlığa çıxması istəyi də yer alsın. Eləcə də, bu müraciət xahiş yox, tələb şəklində olsun. İndi iş sahibi bunu səliqəsinə uyğun saymır. Adama deyirlər ki, zəhmət çək, sən də hicab məhbusları üçün imza yığ.

İmza toplamaq yeni iş də deyil. Biz Astarada, Lənkəranda , Gəncədə hicab qdağasının ləğvi istəyi ilə prezidentə müraciət üçün imza toplamışıq. Bu çox normal bir tədbirdir.

 

-Son sual: iddia olunur ki, MRC heç bir hicab aksiyasında iştirak etməyib?

 

-(Gülümsünür) Təvazökarlıqdan uzaq olsa da, anti-islam cəbhənin hədəfə aldığı anam Südabə xanım heç vaxt Azərbaycanda aksiyada olmayıb, amma hicab qəhrəmanı  sayılır. Bizim müamilə tərəfimiz Allahdır. Qoy xəyanətkar desinlər, fəaliyyətsiz saysınlar – bizə savab ya cəza yazan onlar deyil ki, narahat olaq.

 

-Bir sözünüz qaldımı?

 

-Mən Müqəddəs Məşhəddə böyük ustadların hüzurunda olmuşam. Bizə öz əməllərimizi kiçik, başqa dindarların əməllərini böyük görməyi öyrədiblər. Mən İslam yolunda hətta bircə səmimi “ah” çəkən insanlara təşəkkür edirəm. İnşaalah, zaman keçsin, hər şey düzələcək.

 

Söhbətləşdi: B. Təbrizli        

  • Yazılıb
  • da (də) 2011 Jul 09