Tarix : 2011 Jul 10
Kod 23976

BAŞ MƏCLİS TOPLANDI, İSLAM PARTİYASI TƏLƏBLƏR QOYDU

İyulun 9-da Azərbaycan İslam Partiyası Baş Məclisinin iclası keçirilib
well/Aran agentliyi

İyulun 9-da Azərbaycan İslam Partiyası Baş Məclisinin iclası keçirilib.

 Partiyanın mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, iclasda çıxış edən AİP sədri Elçin Manafov qurumun sivil mübarizə yolu tutduğunu bildirib: “Biz sivil yolla mübarizə aparmağı məqsəd qoymuşuq. Elə ona görə də artıq üç dəfə Bakı Şəhər İcra Hakimiyyətinə dinc aksiya keçirmək üçün müraciət etmişik. Bu müraciətlərin heç birinə müsbət cavab verilməyib. Əksinə, hər dəfə əsassız və məntiqsiz cavablarla bizə “yox” deyilib.

Biz hesab edirik ki, ən düzgün mübarizə yolu seçmişik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. İslam Partiyasının əsas məqsədi təşkilatlanma və maariflənməkdir. Ümid edirəm ki, bu istiqamətdə ciddi uğurlar qazana biləcəyik”.

Sədr müavini İnqilab Əhədli Baş Məclisdəki çıxışında prezidentlə görüş üçün müraciət olunduğunu xatırladıb: “Prezident Administarsiyasında bizi normal qarşılayıb səmimi müzakirələr apardılar. Əsasən hicab problemini aradan qaldırmaq və həbs olunan dindarların azadlığa buraxılması istəyini hakim dairələrin diqqətinə çatdırdıq. Çox təəssüf ki, növbəti dəfə görüş imkanı əldə edə bilmədik”.

Baş Məclisdə Azərbaycan İslam Partiyası adından bəyanat qəbul olunub. Bəyanatda AİP xalqı Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda mübarizədə birliyə çağırır və ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina təklifi səsləndirir. Partiya hakimiyyət qarşısında tələblər də qoyub: “Biz tələb edirik ki, Azərbaycanda islam dininə, dinimizin təəssübkeşlərinə və mömin insanlara qarşı təqiblər, qadağalar aradan qaldırılsın. AİP ölkədə haqsız həbs olunan vicdan məhbuslarının, o cümlədən İslam Partiyası rəhbərlərinin tezliklə azad olunmasını tələb edir. İnsanların sərbəst toplaşmaq, söz azadlığı tezliklə təmin olunmalı, inanclı vətəndaşlara ibadət etmək, islam dinini, digər dinlər kimi, yaymaq, təbliğ və təlim etmək sərbəstliyi verilməlidir”.

Partiyadan verilən başqa bir xəbərə görə, Baş Məclisin qərarı ilə Şahin Əliyev mədəni-maarif məsələləri üzrə sədr müavini təyin olunub.

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 10