Həbsdə olan gəncəli ruhani Azər Cəbiyev barəsində cinayət işi üzrə təkrar məhkəmə istintaqı aparılır
well/Aran agentliyi
Həbsdə olan gəncəli ruhani Azər Cəbiyev barəsində cinayət işi üzrə təkrar məhkəmə istintaqı aparılır. Vəkil Elçin Namazov bildirib ki, Gəncənin Nizami Rayon Məhkəməsinin hökmündən Gəncə Apellyasiya Məhkəməsinə verilən şikayətə baxılarkən belə bir araşdırmanın getməsi üçün qərar çıxarılıb.
Azər Cəbiyev Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənərək (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilinib.
Birinci instansiya məhkəməsi zamanı müdafiə tərəfi obyektiv araşdırmalar aparılmasını tələb edib. Vəkilin sözlərinə görə, həmin araşdırma aparılmayıb. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Ceyhun Əhmədov rayon məhkəməsinin hökmündən verilən şikayətə baxarkən müdafiə tərəfinin vəsatətini təmin edib və təkrar məhkəmə istintaqına qərar verib.
Bu araşdırmalar iyulun 13-də apellyasiya məhkəməsində keçirilən prosesdə davam edəcək: “İstintaq hərəkətləri başlayıb. Artıq Gəncənin Nizami Rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədov dindirilib. Rəis bildirmişdi ki, Azər Cəbiyev onu hədələyərək stulla vurmaq istəyib. Bu ifadənin həqiqətə uyğun olmadığı təsdiqlənib. Ona görə də dövlət ittihamçısı həmin ittihamdan imtina etdiyini açıqlayıb”.
Mediaforum