well/Aran agentliyi
ATƏT Parlament Assambleyasının (PA) sabiq prezidenti Joao Suareş qurumun Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi təyin olunub. ATƏT-in PA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə qurumun prezidenti Petros Eftimiu ATƏT PA-nın Belqradda keçirilən illik sessiyasının plenar iclasında bildirib.
“Joao Suareş regiondakı vacib tərəfdaşlar haqqında geniş məlumatlara və onlarla şəxsi münasibətlərə malikdir. Onun diqqəti Qafqazda davam edən münaqişələrə yönəltmək və insanların birləşməsinə nail olmaq üçün lazımi diplomatik bacarığı var”, - deyə P. Eftimiu vurğulayıb.
Öz növbəsində, J. Suareş qeyd edib ki, bundan sonra da Cənubi Qafqaz regionunda əlaqələrin güclənməsinə və ATƏT-in Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin həllində yardım göstərməyə çalışacaq. Qeyd edək ki, J. Suareş Avropa Parlamenti və ATƏT PA-nın üzvü olub, iki il ATƏT PA-nın prezidenti postunu tutub.
ATƏT Parlament Assambleyası həmçinin son vaxtlar Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından təəssüfləndiyini bildirib və Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı həll olunmamış münaqişələrin ATƏT çərçivəsində nizamlanması üçün tərəfləri, vasitəçiləri aktiv siyasi səylər göstərməyə çağırıb. Bu barədə sessiyanın yekunlarına dair qəbul olunmuş yekun Bəyannamədə bildirilir. Parlamentarilər həmçinin yeni təhlükəli çağırışların qarşısını almaq üçün münaqişələrin həlli ilə bağlı beynəlxalq səviyyədə səyləri artırmağın vacibliyini vurğulayıblar.