Xalq hərəkatı fəalı Nemət Pənahlı saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir
well/Aran agentliyi
Xalq hərəkatı fəalı Nemət Pənahlı saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Məlumatı “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.
Onun sözlərinə görə, Nemət Pənahlı iyulun 2-dən aclığa başlayıb: “İyulun 9-da vəkil Samir İsayev Nemət Pənahlı ilə görüşüb. Vəkilə deyib ki, ayın 2-dən aclıq aksiyası keçirir. Amma karserə salındığına görə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə aclıq haqda rəsmi müraciət edə bilməyib. Təcridxana rəhbərliyi aclıq aksiyasını iyulun 9-da qeydə alıb. Guya ayın 9-dan aclıq edir”.
Həcər Pənahlı bildirib ki, həyat yoldaşı təcridxanada incidilməsinə, fiziki və psixi təzyiqlərə məruz qalmasına, saxlanma şəraitinə, haqqında çıxarılan məhkəmə hökmünə etiraz olaraq aksiya keçirir: “Nemət Pənahlı ombudsmanın, hüquq müdafiəçilərinin, Beynəlxalq Qızıl Xaç Komitəsi təmsilçisinin və jurnalistlərin onunla görüşməsinə imkan verilməsini tələb edir. Vəkilə deyib ki, tələbləri yerinə yetirilməyincə aclıq aksiyasını dayandırmayacaq”.
Həyat yoldaşı qeyd edib ki, Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov Nemət Pənahlını döyüb: “Nemət Pənahlı hakimiyyəti tənqid edib. Rəis isə deyib ki, Nemət Pənahlı hakimiyyəti söyüb. Biz başa düşmürük, hakimiyyəti tənqid edənin cavabı niyə yumruqla verilir. Elxan Sadıqovun qanunsuz hərəkətlərindən, Nemət Pənahlıya qarşı qərəzli münasibətindən Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şikayət etmişik”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Nemət Pənahlının aclıq aksiyası keçirdiyini təsdiqləyib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında deyib ki, Nemət Pənahlı iyulun 9-dan aclıq aksiyası keçirir: “Nemət Pənahlı haqqında qaldırılan cinayət işi və çıxarılan məhkəmə hökmünə etiraz edir. Vəziyyəti normaldır, səhhətində heç bir problem yoxdur. Yalnız Nemət Pənahlı deyil, aclıq aksiyası keçirən istənilən şəxs daimi həkim nəzarətində olur, digər məhkumlardan təcrid olunur. Əgər Nemət Pənahlının səhhətində hər hansı problem yaransa, mütləq həkim müdaxiləsi olacaq”.
Mehman Sadıqov təcridxanada Nemət Pənahlıya qarşı fiziki və psixi təzyiq göstərilməsi haqda məlumatları təkzib edib: “Bakı İstintaq Təcridxanasının rəisi ağsaqqal adamdır. O, məhkumların tərbiyəsi ilə məşğul olur. Heç vaxt kiməsə əl qaldırmaq kimi hərəkətə yol verməz”.
Bu ilin yanvarında döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.
"Media forum"