“Əgər Azərbaycan Respublikası prezidenti İlham Əliyev və onun xanımı dünyadakı islamofobiyanı pisləyirsə, bu alqışlanmalıdır. İslam Partiyası bunu alqışlayır
well/Aran agentiliyi
“Əgər Azərbaycan Respublikası prezidenti İlham Əliyev və onun xanımı dünyadakı islamofobiyanı pisləyirsə, bu alqışlanmalıdır. İslam Partiyası bunu alqışlayır. Ancaq, bu islamofobiya Azərbaycan Respublikasının özündə də olmamalıdır." Bunu Azərbaycan Respublikası İslam Partiyasının funksioneri Hacı İnqilab Əhədli vurğulayıb.
Hacı İnqilab Əhədli Səhər kanalının Kompas verilişində deyib: "Bu yaxınlarda keçirilən mədəniyyət görüşlərində Azərbaycan Respublikası prezidenti və onun xanımı dünyada gedən islamofobiyaya qarşı çıxdılar. Biz bunu təqdirə layiq bilirik. Doğrudan da müsəlman ölkəsi olan Azərbaycan Respublikasının prezidenti və onun xanımı Quranımıza və Peyğəmbərimizə qarşı təhqiramiz sözlərə və digər islamofobiya hərəkətlərinə qarşı çıxırsa, ən azı Azərbaycan Respublikasının özündə də gərək islamofobiya olmaya və İslama qarşı iddialar götürülə."
Hacı İnqilab Əhədli əlavə edib ki, İslam Partiyası mitinqlərində istefa şüarını səsləndirmək istəmir: "Bizim mitinqlərimiz və şüarlarımız çox fərqlidir. Bu gün biz mənəviyyat azadlığı istəyirik, mənəvi dəyərlərimizə azadlıq tələb edirik. Biz Qarabağın azadlığını tələb edirik. Nəinki, prezidentin istefasını. Əhalisinin 98%-i müsəlman olan ölkədə islami dəyərlər tapdaq altında qalmamalıdır."
İslam Partiyasının funksioneri həmçinin, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin hicab qadağasının götürülməsi ilə əlaqədar imza toplama kampaniyasının müsbət hərəkət olduğunu vurğulayıb və bu kampaniyanın hicab qadağasına etirazlarına görə həbs olunan şəxsiyyətlərin və vətəndaşların azadlığını tələb etməklə təkmilləşdirməsini vacib saydığını bildirib.
Hacı İnqilab Əhədli əlavə edib: "Bayrağımızda İslamın rəngi var. Dövlətimizin rəhbəri Qurana and içib ki, mən müsəlman xalqımın mənəvi dəyərlərini qoruyacağam. Amma, bu gün bizim haqqımız tapdalanır. Minlərlə qızlarımız məktəbə gedə bilmir. Halbuki, bu qızların ataları onların başlarını məcburi şəkildə bağlamayıblar. Bu uşaqlarımız özləri düşünərək, hicabı dərk ediblər. Hicabı və öz ismətlərini qoruyurlar. Amma, 8 aya yaxındır ki, dərslərə buraxılmırlar. Bu cür Azərbaycan Respublikası necə inkişaf edər?"