well/Aran agentliyi
Baş Qərargah rəisinin çağırış aktını təsdiqləməkdən imtina etdiyi deyilir
QayNar: Bir neçə il əvvəl hərbi çağırış sistemində islahatlar aparmaq məqsədilə çağırışçı gənclərin hərbi hissələrə paylanması səlahiyyəti hərbi komissarlıqlardan alınaraq, Müdafiə Nazirliyinə verildi. Bu dəyişikliklərin ilk aylarında bir çoxları çağırış zamanı baş alıb gedən rüşvət hallarının aradan qaldırılacağına ümüdlə yanaşırdı. Düzdür, bu səlahiyyət Müdafiə Nazirliyinə veriləndən sonra müəyyən neqativ halların ortadan qaldırıldığının şahidi olduq. Amma deyəsən, nazirliyin özündə də bununla bağlı problemlər qalmaqdadır.
Adının çəkilməsini istəməyən mənbənin MilAz-a verdiyi məlumata görə, Müdafiə naziri Səfər Əbiyevlə Baş Qərargah rəisi Nəcməddin Sadıqov arasında hərbi çağırışla bağlı müəyyən narazılıq yaranıb. Verilən məlumata görə, Baş Qərargah rəisi paylaşdırma aktlarını hələ də təsdiq etməyib. Bununla belə çağırışçıların hərbi hissələrə göndərilməsi davam edir. Paylaşdırmaya dair sərəncamlar əvvəllər Baş Qərargah rəisi Nəcməddin Sadıqov tərəfindən imzalansa da indi, nədənsə, bu sərəncamları nazir müavini Çingiz Məmmədov imzalayır.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyilənlərin həqiqətə uyğun olmadığını və israrla belə bir halın ümumiyyətlə baş vermədiyini söylədi. Lakin bununla belə, polkovnik hazırda çağırışçıların paylaşma aktları ilə bağlı vəziyyətin necə olduğuna da aydınlıq gətirmədi.
QayNar