6 mayda keçirilən ''hicaba azadlıq'' mitinqində iştirak edən şəxslər polis idarəsinə dəvət ediliblər
g/Aran agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
6 mayda keçirilən "hicaba azadlıq" mitinqində iştirak edən şəxslər polis idarəsinə dəvət ediliblər. Bu haqda İslam-Azeri.az İnternet qəzetinə aksiyada iştirak edən adının açıqlanmasını istəməyən şəxs bildirib.
Onun sözlərinə görə, yaşadığı ərazinin sahə müvəkkili zəng vuraraq ona bildirib ki, Bakı Baş Polis İdarəsinə getsin.
Qeyd edək ki, bu cür hallar artıq çoxalmağa başlayıb.
"Hicaba azadlıq" aksiyasında saxlanılanlar, lakin inzibati və həbs cəzası almadan azad edilənlər yenidən polis idarələrinə dəvət edilirlər. (islam-azeri)
Məsələ ilə bağlı DEVAMM bəyanat qəbul etmişdir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, bu kimi hallar insan haqlarının kəskin surətdə pozulması deməkdir: "Eyni zamanda vətəndaşların bu kimi polisə çağırılması halları - qanunvericiliyin polis-vətəndaş münasibətinin tənzimləməsi ilə bağlı müəyyən etdiyi normaların da pozulması deməkdir. Prosessual qanunvericilikdə bu kimi əsassız çağırılmalar nəzərdə tutulmayıb. Konkret zamanda və konkret məkanda qanunazidd əməl törətməyən insanın, həmin zaman və məkanla əlaqədar polisə çağırılmasına nə ad vermək olar?! DEVAMM olaraq, bu kimi təzyiqlərin təcili dayandırılması üçün əlaqədar qurumlara müraciət edirik".
DEVAMM sədri həmçinin məhkəməsi gedən Hacı Mövsümün və digər AİP fəallarının, eləcə də mitinqlə bağlı həbs edilən Hacı Taleh və digər məhbusların da təcili azadlığa buraxılmasının zəruriliyini vurğuladı: "Tutulanların və məhkəməsi gedənlərin günahsızlığı ictimaiyyətə aydın olmuşdur. Onların məhz ifadə olunmalarına görə həbs edilməsi göz önündədir. Bundan irəli gəlir ki, onlar vicdan məhbuslarıdır. Azərbaycan qanunları insanların ifadə olunmaqlarına görə təqib edilməsinə yol vermir. Bunu nəzərə alaraq, biz onların azadlığa buraxılması üçün müraciət edirik".
Deyerler.org