Tarix : 2011 Jul 17
Kod 24123

Hacı Şahin Həsənli: ''Özünü sevən şəxsin əməlləri qəbul olmur''

Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub
well/Aran agentliyi

Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub.

O birinci xütbəsində ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.

Daha sonra isə İmam Cümə İmam Zamanın (ə.f) mövludu münasibətilə öz təbrikini çatdırıb.

Birinci xütbəsində mənəmçilik və təkəbbür xəstəliyindən danışan İmam Cümə deyib: “İnsanın Allaha bəndəlik yolunda bəzi maneələr var. İnsanın qarşısında dayanan ən əsas maneə hansıdır? Bu insanı özünü sevməsidir. İnsanın özünü sevməsi Allaha yaxınlaşa bilmir. Bəndəlik özünü bəyənməklə bir araya gəlmir. İnsanın özünü sevməsi, mənəmçiliyi onun bütün əməllərini, işlərini bulaşdırır. Özünü sevən şəxs yaxşı iş də görsə buna mənəmçilik qatır, öz rənginə boyayır və əməli dəyərdən salır. Hansı əməldəki mənəmçilik var o dəyərsizdir. Onun əməli yuxarı qalxmır. Alimlər deyir ki, Allahla sənin aranda olan maneə özünsən. Nə qədər ki, mənəmçiliyinə son verməmisən Allaha qovuşa bilməyəcəksən. Allahla insan arasında ən böyük hicab insan özüdür. Özünü sevən insan xalis əməl edə bilmir. Yaxşı işləri, ibadətlərində də xalislik olmur. Nə yaxşı iş görürsə qarışdırır. Özünü sevən şəxsin əməlləri qəbul olmur. İmam Əli (ə) deyir ki, nicat yolu ixlasdadır. İxlas yəni zərrə qədər əməldə mənəmçilik olmasın. Cümə günüdür xütbəyə qulaq asırıq. Bu əməllər itmir. Mələklər yazırlar. Ancaq bu əməllərdə zərrə qədər mənəmçilik olsa, əməllər geri qaytarılır”.

İmam Cümə təkcə mələklərin deyil insanın özünün də əməllərinə diqqət edərkən ixlaslı və ya riya ilə olmasını tapa bilməsinə işarə edərək deyib: “Biz diqqətlə baxsaq görərik ki, əməllərimizdən mənəmçilik qoxusu gəlir. Diqqətlə baxsaq görərik ki, təvazökarlığımızdan mənəmçilik iyi gəlir. Həya edirik amma mənəmçilik üçün. Moizə edirik mənəmçilik üçün, moizəni dinləyirik mənəmçilik üçün. Dini-ictimai fəaliyyət göstəririk mənəmçilik üçün. Adını qoymuşuq Allah üçün. Özünü bəyənən insan nə iş görürsə əməlini bulaşdırır. Belə insanlar heç vaxt dinin ləzzətini dada bilməzlər. Özünü sevən adam heç vaxt Allaha bəndə ola bilməz. Belə adam nə dindarlığın ləzzətini hiss edər, nə də ki, kiməsə çatdıra bilər”.

İmam Cümə Həzrəti Məhdinin (s.ə) zühuru ilə ikinci xütbəsində söhbət edib. Bu haqda o deyib: “Bütün Peyğəmbərlər onun missiyası üçün hərəkət ediblər. Onlar bənna kimi hərəsi bir bina qoyublar. Sonuncu kərpici İmam Zaman ağa qoyacaqdır. O bütün Peyğəmbərlərin varisidr. O elə dövlət quracaqdır ki, dünya elə dövlət görməyəcək. Duada deyir ki, “hanı Allah dostlarını izzətli edən”. Yəni dəyərli insanlar izzətə çatacaq. Zülmün kökü kəsiləcək. O dünya qurulanda heç bir məzlumun səsi eşidilməyəcək. Bir neçə qüdrətli dövlətlər varki, kimi vurmaq istəyirlər vururlar, kimə nə etmək istəyirlər edirlər. Bizim də bu yaramız var. Bu dövlətlər işğalçıya yerini göstərmək istəmirlər. Hamsı zorun tərəfindədirlər. İmam Zaman (ə) zülmün kökünü kəsəcək. Sədəqə anlayışı aradan gedəcək. Çünki bir kəs olmayacaq ki, sədəqə verilsin. O haqq əhlini zülmün əlindən xilas edəcək. Hamı anlamaya başlayır ki, dünya ədalətə ehtiyacı vardır. Dünya ədalətin teşnəsidir. Artıq zülmün ərşə çıxmasına insanlar dözə bilmirlər. Əsil azadlıq da onda olacaqdır”.

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 17