Tarix : 2011 Jul 19
Kod 24166

Gəncəli ruhaninin cəzası azaldıldı

Ötən gün Gəncə Apelyasiya Məhkəməsində ruhani Azər Cəbiyevin işi ilə əlaqədar məhkəmə prosesi keçirilib
well/Aran agentliyi

Ötən gün Gəncə Apelyasiya Məhkəməsində ruhani Azər Cəbiyevin işi ilə əlaqədar məhkəmə prosesi keçirilib. Bu barədə qəzetimizə ruhaninin vəkili Elçin Namazov məlumat verdi. Onun sözlərinə görə, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçən prosesdə A.Cəbiyev barəsində əvvəlki məhkəmə qərarı dəyişdirilərək barəsindəki həbs cəzası 4 ildən 2 il yarıma endirilib: “Azər Cəbiyev əvvəl Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ittiham olunurdu. Hakim bu ittihamı 221.2.2 maddəsi ilə dəyişdi və hökmü 2 il yarıma endirdi”.

Ancaq vəkil məhkəmənin qərarından narazıdır. E.Namazovun sözlərinə görə, əvvəlki məhkəmədə olduğu kimi burda da ruhaniyə qarşı ittihamlar sübut olunmayıb: “İttihamlar sübuta yetirilmədi, müdafiə tərəfi olaraq sübut etdik ki, ruhaniya qarşı ittiham saxtadır. Ancaq bunları hakim nəzərə almadı. Eyni zamanda 221.2.2 maddəsi ilə ittiham olunan şəxsə 5 ilə qədər həbs və ya 2 ilə qədər islah işi verilə bilər. Azər Cəbiyevin ilk dəfə mühakimə olunması, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hakim yüngül cəza verə bilərdi. Ancaq bunu etmədi”.

E.Namazov məhkəmə hökmündən Ali Məhkəməyə şikayət edəcəyini və orda da ədalətli qərar olmasa, işi Avropa Məhkəməsinə aparacağını bildirdi.

Xatırladaq ki, gəncəli ruhanilər Azər Cəbiyev və Fəxri İlyasov bu ilin yanvarında Azərbaycan-Gürcüstan sərhədində saxlanılıblar. Sonradan Gəncəyə gətirilən ruhanilər şərlənərək polisə müqavimət və xuliqanlıqda ittiham olunurlar. Ötən ay Gəncə Şəhər Nizami Məhkəməsi onların barəsində hökm çıxarıb.

KƏNAN

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19