Tarix : 2011 Jul 19
Kod 24168

DEVAMM bütün dindarların bəraət almalarını tələb edib

Azərbaycan Respublikası DEVAMM ölkədə bütün ilahiyyatçıların və dindarların bəraət almalarını tələb edib
well/Aran agentliyi

Azərbaycan Respublikası DEVAMM ölkədə bütün ilahiyyatçıların və dindarların bəraət almalarını tələb edib.

Gəncə Apellyasiya Məhkəməsində dindar Azər Cəbiyevin apellyasiya şikayəti prossesi ilə bağlı münasibət bildirən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu vurğulayıb:" Həzrət Peyğəmbərin (s) mövludunda döyülüb həbs edilənlərin, müxtəlif illərdə şərlənərək tutulanların, bu il həbs edilən Hacı Möhsün və digər AİP fəallarının, Hacı Talenin və mitinqə görə həbs edilmiş digər məhbusların və bütün digər ilahiyyatçı və dindarların tezliklə azadlığa çıxmasını istəyirik. Hesab edirik ki, bunun üçün bütün imkanlar yaranıb, mübarək Ramazan ayı yaxınlaşmaqdadır, şəfqət və mərhəmət yüklü Şəban ayının günlərini yaşayırıq. Allah Təala tezliklə cəmi məhbusların qapılarını açsın!".

Gəncə ruhanilərinin məhkəməsinə isə Hacı İlqar İbrahimoğlu belə münasibət bildirib : "Əlbəttə ki, hörmətli ilahiyyayçı Azər Cəbiyevin üzərindən əsassız maddələrdən birinin götürülməsi - ümumilikdə müsbət haldır. Lakin, DEVAMM olaraq, biz onun və digər ilahiyyatçıların, həbs olunmuş dindarların tamamilə azadlığa buraxılmalarını, bəraət almalarını istəyirik. "

Qeyd etmək lazımdir ki, vəkil Elçin Namazovun verdiyi məlumata görə, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ittiham olunan maddəsinin dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunan ruhani A. Cəbiyev 221.2.2 maddəsi ilə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda guyaki günahkar bilinib. Ruhaninin həbs müddəti 4 ildən 2 il 6 ay müddətinə endirilib.

Vəkil Gəncə Apellyasiya Məhkəməsinin qərarından razı qalmadıqlarını, qərarı aldıqdan sonra Ali Məhkəməyə müraciət edəcəklərini bildirib.

Bu il yanvarın 16-da Gürcüstan Respublikasına keçərkən saxlanılmış Azər Cəbiyev və Fəxri İlyasova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə ruhani A. Cəbiyev 4 il, və ruhani F.İlyasov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbs olunmuş gəncəli ruhanilər Azərbaycan Respublikası məktəblərində hicablı qızların dərsə getməsinə goyulan yasağa etirazçı olublar.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 19