Şeyx Bakıdakı “Əjdər bəy” məscidinin ətrafındakı VİP çadır bazarını dağıtmaq üçün göstərdiyi cəhdlərdən də danışmışdı
well/Aran agentliyi
Paytaxtda xalq arasında “Göy məscid” kimi tanınan “Əjdər bəy” camesi önündə dayanan çadır maşınları bir neçə gündür ki, yığışdırılıb. Aldığımız məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin daxili işlər naziri Ramil Usubova müraciətindən sonra paytaxt polisi hərəkətə keçib. Nəticədə çadır servisində çalışan maşınların sözügedən ərazidə dayanmasına qadağa qoyulub.Dünən məsələ ilə əlaqədar olduğumuz “Əjdər bəy” camesində deyilənlərin doğru olduğunun şahidi olduq. 10 ilə yaxındır yas çadırı kirayə verməklə məşğul olan Hüseyn İbrahimov deyir ki, QMİ sədri DİN-ə müraciət edəndən sonra post-patrul xidmətinin əməkdaşları əraziyə gəlib və onları buradan zorla uzaqlaşdırıb: “Bizə günortaya kimi vaxt verdilər. Dedik ki, qazandığımızdan Qafqaz Müsəlmanları İdarəsinə müəyyən miqdarda haqq veririk, nəyə görə bizi buradan çıxarırsınız. Polislər ”Yeni Müsavat" qəzetində gedən xəbəri bizə göstərib dedilər ki, Şeyxin bu işdən xəbəri yoxdur və siz qanunsuz olaraq fəaliyyət göstərirsiniz".
Həmsöhbətimizin sözlərinə görə, çadır servisi ilə məşğul olanlar bundan sonra küçələrdən ofislərə çəkiliblər: “İndi hərə özünə bir ofis açıb yenə həmişəki kimi fəaliyyət göstərir. Çadır maşınları Dərnəgül şossesindəki qarajda saxlanılır”.
H.İbrahimov deyir ki, sözügedən qərardan sonra çadır servisləri təkliflərində bir çox yeniliklər ediblər: “Hazırda paytaxta Almaniya istehsalı olan çadırlar gətirilib ki, onların da bir çox üstün cəhətləri var. O çadırlar kondisionerlə təmin olunub və isti yay ayları üçün nəzərdə tutulub. Çadırlarda mini mətbəx fəaliyyət göstərir. Onlar səyyar tualetlə təmin olunublar. Aşpaz və ofisiantlarımız da var. Yas məclisinin sahibi üçün hər cür rahatlığı təmin etməyə hazırıq. Qiymətlər də olduqca münasibdir. Çadırların icarəsi 1000 manatdan başlayır. VİP çadır xidmətləri isə 2000-3000 manat arasında dəyişir. Bütün dünyada bu kimi xidmətlərə şərait yaradırlar ki, rahat işləsinlər. Bizdə isə vəziyyət tamam başqadır. Gələn-gedən pul yığır, üstəlik də işləməyə qoymurlar. Artıq bir neçə sahibkar bütün əmlakını maşını ilə birlikdə satıb”.
“İndi hədəfdə ”Hyundai" markalı cənazə maşınlarıdır. Maşınların çoxu fərdi şəxslərə məxsusdur. Onlara camenin önündə dayanmağa imkan vermirlər. Post-patrul xidmətinin əməkdaşları əraziyə gələrək cənazə maşınlarının buradan çıxarılmasını tələb edir. Bilmirik neyləyək. Qafqaz Müsəlmanları İdarəsinə yazılı şəkildə bir neçə dəfə müraciət etmişik. Amma bir nəticəsi olmayıb. QMİ-dən bizə deyirlər ki, tələb olunan haqqı verib işləyin".
Bunu isə qəzetimizə cənazə maşınları xidməti ilə məşğul olan Hacı Surxay adlı paytaxt sakini söylədi.
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında mətbuat xidməti olaraq QMİ sədrinin nazirliyə müraciətindən xəbərsiz olduğunu bildirdi. QMİ-dən isə mövzu ilə əlaqədar qəzetimizə danışmaqdan imtina etdilər.
Xatırladaq ki, bir müddət əvvəl Şeyxülislam Allahşükür Paşazadə dəbdəbəli yas çadırları biznesinə qarşı çıxmışdı. O, başçılıq etdiyi idarədə yas və toy mərasimlərindəki vəziyyətə dair təşkil olunan toplantıdakı çıxışında demişdi ki, bəzi zənginlər 30-40 min manatlıq yas çadırları qurdurur.
Şeyx Bakıdakı “Əjdər bəy” məscidinin ətrafındakı VİP çadır bazarını dağıtmaq üçün göstərdiyi cəhdlərdən də danışmışdı. O bildirmişdi ki, məscidin ətrafındakı çadır maşınlarını oradan uzaqlaşdırmaq üçün daxili işlər naziri Ramil Usubova iki dəfə müraciət edib, üçüncü müraciəti isə hazırlayır: “Çoxu deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları oradan qovub çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar. Əlbəttə, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”.
Yeni Müsavat