Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Şaiq Vəli təşkilatın qarşısında azyaşlı övladları ilə birlikdə aclıq aksiyasına başlayıb
well/Aran agentliyi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Şaiq Vəli təşkilatın qarşısında azyaşlı övladları ilə birlikdə aclıq aksiyasına başlayıb. Bu barədə “Qafqazinfo”ya şairin yaxın dostları məlumat verib. Onlar bildiriblər ki, Ş. Vəlinin aclıq aksiyası keçirməsinə səbəb maddi durumunun ağır olması, işləməməsidir. Bildirildiyinə görə, Ş. Vəli aksiyaya üç azyaşlı övladı ilə qatılıb.
Həyat yoldaşı və üç övladı ilə yaşadığını deyən şair bildirib ki, bu aksiyanı keçirməklə o, haqqını tələb edir: “Burada elələri var ki, 3-4 yerdən maaş alırlar. Yaradıcılığa aidiyyatı olmayanlar 3-5 katibə saxlayırlar. Amma, mənim nə evim var, nə də maddi gəlirim”.
AYB üzvü onu da vurğulayıb ki, ölkə prezidentinin Yazıçılar Birliyi üçün ayırdığı vəsaitdən də ona heç nə verilməyib: “Prezident Yazıçılar Birliyinə yardım göstərdi , amma onu da özlərinin seçdikləri yazıçılara verdilər, bizə heç nə düşmədi”.
Şaiq Vəli böyük oğlunun da müharibədə şəhid olduğunu, amma ona şəhid adı verilmədiyindən də şikayətləndi: “Oğlum hamı kimi əsgər gedib, müharibədə şəhid olub, amma deyirlər ki, şəhid deyil. Oğlumu müharibədə öldürdülər, bunları da acından öldürmək istəyirlər?”