Tarix : 2011 Jul 21
Kod 24209

Hicab məhbuslarının ikisinin işi yüngülləşdi - vəkil

Dörd avtomobilə dəymiş ziyana görə 1140 manat, sərnişindaşıma ilə bağlı isə 1210 manat cərimə hesablanıb
well/Aran agentliyi

Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs edilən Əlvan Hüseynov və Rövşən Məmmədov barəsində irəli sürülən ittihamlardan biri götürülüb. Söhbət Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) gedir. Hər iki şəxsə 221.3-cü maddə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) üzrə də ittiham irəli sürülüb. Əlvan Hüseynov və Rövşən Məmmədovun hüquqlarını müdafiə edən vəkil Anar Qasımov “Media forum” saytına deyib ki, 221.2.2-ci maddə üzrə ittihamın geri götürüldüyü haqda məlumat onlara iyulun 20-də verilib. Rəsmi məlumata görə, mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş aksiyaya görə 15 nəfər həbs olunub. 221.2.2-ci maddə üzrə ittiham onların əksəriyyətinə qarşı irəli sürülüb. Bu və 221.3-cü maddədən başqa hicab məhbuslarının üzərində 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəyə əsaslanan ittiham da var. Anar Qasımov iki şəxsdən 221.2.2-ci maddənin götürülməsini istintaqın müəyyən qədər yumşalması kimi qiymətləndirib: “Aksiyaya görə başlanan cinayət işi ilə əlaqədar 15 nəfər saxlanılıb, dörd avtomobilə dəymiş ziyana görə 1140 manat, sərnişindaşıma ilə bağlı isə 1210 manat cərimə hesablanıb. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər söhbət təkcə ziyandan gedirsə, bu ziyanı ittiham olunan hər bir şəxs ödəyə bilər”. “Media forum” saytının əldə etdiyi məlumata görə, yaxın vaxtda hicab məhbuslarından Tərlan İsmayılov və Taleh Ələkbərovun da üzərindən 221.2.2-ci maddənin götürüləcəyi gözlənir. Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə başlanan cinayət işini Bakı Şəhər Baş Polis İdarəsinin idarə rəisi Nazim İsmayılovun rəhbərlik etdiyi istintaq qrupu araşdırır.

Ramin / islamazeri.az

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21