Tarix : 2011 Jul 21
Kod 24213

Hacı İlqar İbrahimoğlu “Yüzminlik imza” kampaniyasına qarşı sionist böhtanlarını şərh etdi

Bu günlərdə aztanınan mətbu orqanların birində ''Azərbaycanda paniranizmin yeni mərhələsi'' və ''İran “hicaba dəstək” kampaniyasına..
well/Aran agentliyi

 Bu günlərdə aztanınan mətbu orqanların birində "Azərbaycanda paniranizmin yeni mərhələsi" və "İran “hicaba dəstək” kampaniyasına..." başlıqlı hicabla bağlı "Yüzminlik imza" kampaniyasına qarşı yalan, təhqir və böhtan üzərində qurulan silsilə yazılar dərc olunmuşdur. Bu yazılarda ictimaiyyət arasında çox qeyri-ciddi bir imicə malik olan "araşdırmaçı", "Yüzminlik imza" kampaniyasının guya hansısa kənar sifarişlərlə aparılması, ümumilikdə hicaba dəstək prosesinin kənardan maliyyələşən bir mövzu olması barədə tamamilə böhtan və təhqir üzərində olan iddialara yer vermiş, praktiki olaraq ölkənin dini camiəsinin mütləq əksəriyyətinin, o cümlədən, islamyönümlü sayt və qurumlarının xaricin diktəsi və maliyyəsi ilə işləməsi barədə ağlasığmaz iftiralar yağdırmışdır.

Sözügedən qarayaxma yazısında ölkənin ictimai həyatında fəal iştirak edən, hər zaman dövlətçilik, həqiqi vətənpərvərlik, insan haqları, demokratiya, vətəndaş cəmiyyəti, sosial problemlər kimi mövzularda dəqiq və sistemli mövqe sərgiləyən, Qarabağ dərdini hər zaman yaşadan çoxlu sayda qurumlar da təhqir olunub. O cümlədən, DEVAMM kimi təşkilatlar da qarayaxanın və onun arxasında duran bədxah niyyətli anti-islam qüvvələrinin şər-böhtanından kənarda qalmayıb.

Mövzunu şərh etmək üçün DEVAMM sədri Hacı İlqar İbrahimoğluya müraciət etdik. Hacı İlqar mövzu ilə bağlı şərhində bunları bildirdi: "Əfsuslar olsun ki, zaman-zaman bəzi pisniyyətli fərdlər ortaya çıxaraq, təhqir və böhtan fonu yaratmaqla xoşməramlı təşəbbüslərə maneə törətməyə çalışırlar. Qısa bir müddət ərzində 80 mindən çox imza toplanıb. Bu işdə yüzlərlə könüllü iştirak edir. Vətənini sevən, inancına sadiq olan, ixlaslı, təmənnasız insanlar gecə-gündüz çalışırlar ki, hicab problemi öz həllini tapsın. Göz önündədir ki, cəmiyyəti pərən-pərən, dağılmış görmək istəyənlərin, inanclıların marginallaşmış, yad, özgə durumda qalmaqlarını, ictimai həyatdan təcrid olmaqlarını istəyənlərin planları puça çıxır. Cəmiyyət inanclılara dəstək verir, hicab hüququna dəstək verir, vicdan azadlığına imza atır. Təbii ki, Azərbaycanı sevməyən qüvvələr bundan xoşhal ola bilməzlər. Və həmişəki kimi, "qara piar" mexanizmi işə salınır, təhqir və böhtan üzərində qurulmuş, tamamilə ağ yalanlara söykənən cızma-qaralar ərsəyə gəlir.

Manqurtlaşmış ünsürlər, hər zaman bütün digər insanları da özlərinin durumunda görmək istəyiblər. Dar pəncərədən dünyaya baxmaq durumundan kənara çıxa bilməyənlər üçün ölkənin işıqlı üfüqlərini görə bilməmək və bu üfüqlər üçün çalışmamaq halı - təbiidir. O da aydındır ki, pul-para ilə işləməyə vərdiş edənlər, digər insanlardan başqa motivasiya gözləmirlər. Onlar inanmırlar ki, kimsə əqidəyə, xoş mərama, müsbət durum bərqərar etmək amalına söykənən addım ata bilsin, özü də təmənnasız. Bu, onların intellektindən və dünyagörüşündən kənar bir yanaşmadır. Bununla bərabər, məşhurlaşmaq, skandallar və səs-küylü olaylar fonunda gündəmə gəlmək istəyi də belələrini hərəkətə gətirən motivlərdəndir.

İnşəallah ki, bütün bu törətdikləri sifarişli və bədxah işlər, öz sahiblərinə rəzillikdən başqa bir şey gətirməyəcək. İslamla, inancla düşmənçilik edənlər, inanclıların kənar sifarişlərlə hərəkət etməkləri kimi absurd fikirləri ictimaiyyətə sırımağa cəhd edənlər - ifşa olunacaqlar. Neçə illərdir ki, zaman-zaman inanclılara qarşı qarayaxma cəhdləri edilir, onları cəmiyyətdən özgələşdirmək təşəbbüsləri ortaya atılır. Amma bunlar hamısı xam xəyaldır. Əslində, inanc əhlinə növbəti göbbelssayağı qarayaxma cəhdi, dərc olunmamışdan artıq puça çıxmışdır.

Qədirbilən xalqımız bu illər ərzində hər kəsi çox gözəl tanıyıb, kimin nə iş sahibi olduğunu da çox gözəl bilir. Ucuz və bolşeviksayağı fəndlərlə xalqı çaşdırmaq mümkün deyil.

Uca Allahın lütfüylə, bu müqəddəs məramlı təşəbbüs öz gözəl sonucuna yetişər, problemlər çözər, hicab müsibəti də, hicab məhbuslarının müsibəti də sona yetər, inşəallah. Xalqımız bu imtahanlardan başıuca çıxar, inşəallah!".

  

  • Yazılıb
  • da (də) 2011 Jul 21