well/Aran agentliyi
Hicab məhbuslarının işinin yüngülləşdiriləcəyi bildirilir.
Artıq xəbər verdiyimiz kimi may ayının 6-sı Hicaba Azadlıq aksiyasında həbs edilən və barələrində Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə cinayət işi açılmış 5 hicab məhbusu Kürdəxanı İstintaq Təcridxanasından Nərimanov Rayon Baş Polis İdarəsinə gətirilib.
Azadxeber.az saytının verdiyi məlumata görə, 5 nəfər hicab məhbusu 10 günə yaxın bir müddətdə Nərimanov Rayon Baş Polis İdarəsində saxlanılacaqlar. Nərimanov Rayon Baş Polis İdarəsinə hansı səbəbdən gətirildikləri haqda məlumat verməyən müstəntiq, bildirib ki: "Bu 5 məhbus 10 günə qədər Nərimanov Rayon Baş Polis İdarəsində saxlanılacaqlar. Ola bilərki 3 gündən sonra bəziləri azad edilsin və ya yenidən Kürdəxanı İstintaq Təcridxanasına geri qaytarılsın.
Azadxeber.az saytının əldə etdiyi ən son məlumata görə isə, hicab məhbuslarının bəzilərinin işlərində yumuşalma müşahidə olunur.
Qeyd edək ki, hicab məhbuslarından Əlvan Hüseynov, Rövşən Məmmədov və Rüfət Nuriyevin barəsində irəli sürülən ittihamlardan biri götürülüb.
Söhbət Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) gedir.
Hər iki şəxsə 221.3-cü maddə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) üzrə də ittiham irəli sürülüb.
Əlvan Hüseynov və Rövşən Məmmədovun hüquqlarını müdafiə edən vəkil Anar Qasımov 221.2.2-ci maddənin götürülməsini istintaqın müəyyən qədər yumşalması kimi qiymətləndirib: “Aksiyaya görə başlanan cinayət işi ilə əlaqədar 15 nəfər saxlanılıb, dörd avtomobilə dəymiş ziyana görə 1140 manat, sərnişindaşıma ilə bağlı isə 1210 manat cərimə hesablanıb. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər söhbət təkcə ziyandan gedirsə, bu ziyanı ittiham olunan hər bir şəxs ödəyə bilər”.
Qeyd edək ki, may ayının 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş aksiyaya görə 15 nəfər həbs olunub. 221.2.2-ci maddə üzrə ittiham onların əksəriyyətinə qarşı irəli sürülüb. Bu və 221.3-cü maddədən başqa hicab məhbuslarının üzərində 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəyə əsaslanan ittiham da var.
Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə başlanan cinayət işini Bakı Şəhər Baş Polis İdarəsinin idarə rəisi Nazim İsmayılovun rəhbərlik etdiyi istintaq qrupu araşdırır.