well/Aran agentliyi
İyulun 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında telefon söhbəti olub. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Telefon danışığının Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında keçirilən danışıqların ardınca baş tutduğu bildirilir.
Xəbər verildiyi kimi, Məmmədyarov Rusiya prezidentinin Qarabağa dair yeni təkliflərinə Azərbaycan prezidentinin cavabını aparmışdı. Telefon söhbəti zamanı Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə 2010-cu il oktyabrın 27-də Həştərxan və 2011-ci il mayın 5-də Soçidə görüşləri zamanı atəşkəs rejiminə ciddi şəkildə əməl olunması, qarşılıqlı əsaslarda əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və etibarın möhkəmləndirilməsi, habelə insidentlərin araşdırılmasında əməkdaşlığın zəruriliyinə dair əldə olunmuş razılaşmaların əməli reallaşmasının aktuallığı vurğulanıb. Bununla yanaşı, nazirlər arasında söhbət zamanı münaqişənin nizamlanması üçün uyğun atmosferin yaradılması səylərinin humanitar komponenti də müzakirə edilib.
Məlumatda deyilir ki, Edvard Nalbandyan prezident Sərkisyanın Rusiya prezident Dmitri Medvedyevin Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də keçirilən Kazan görüşünün nəticələrinə dair təklifinə yaxın zamanlarda cavabını təqdim edəcəyini bildirib.