Tarix : 2011 Jul 22
Kod 24227

Prezident İlham Əliyev: “NATO ilə tərəfdaşlıq Azərbaycanın məramını nümayiş etdirir”

Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 20 ildir ki, biz müstəqilik, lakin bu ölkənin böyük tarixi və adət-ənənələri vardır
g/Aran agentliyi

Gün.Az-ın verdiyi xəbərə əsasən, bunu Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, müxtəlif tarixi mərhələlərdə biz digər ölkələrin və imperiyaların hissəsi olmuşuq.

“Yalnız 20 il öncə biz müstəqilliyimizi əldə etmişik. Həmin illər dünyəvi, demokratik və inkişaf etmiş ölkənin qurulmasında çox mühüm olmuşdur. İyirmi il uzun dövr deyil, lakin həmin vaxt ərzində əsas çətinliklərin aradan qaldırılmasına nail olduq.

Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi, Ermənistanın işğalı ilə üzləşdik. Eyni zamanda, biz siyasi sistemi və demokratik təsisatları qura bildik, bir sıra Avropa təsisatlarına qəbul olunduq, region ölkələri ilə güclü əlaqələr qurduq və çox perspektivli iqtisadi inkişafa nail olduq”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, son 7 il Azərbaycan üçün çox uğurlu olub, iqtisadiyyat üç dəfə artıb.

“Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksində ən sürətli artıma nail oldu. Bu, ən sürətli inkişaf tempi idi.

Əlbəttə ki, biz bütün Avropa təsisatları ilə əlaqələrimizi siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası- Azərbaycan səviyyəsində inkişaf etdirməliyik. Həmçinin, insanlar arasında da təmasları daha sıx etməliyik. Çünki biz özümüzü hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar. Bu, obyektiv səbəblərlə bağlıdır. İyirmi il o qədər də uzun dövr deyil. Buna görə bizə vaxt lazımdır”, - Prezident deyib.

Dövlət başçısı bildirib ki, biz avropalı qonaqlarımızı Azərbaycana səfərə dəvət etməkdə olduqca maraqlıyıq. Burada nəinki paytaxt şəhərlə, həm də rayonlarla da tanışlıq, eləcə də uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulur. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizə gəldikdə bizim çox yaxşı nailiyyətlərimiz var. Avropa İttifaqına üzv olan bütün ölkələrlə, demək olar ki, güclü siyasi və iqtisadi münasibətlərimiz var. Bu da çox əhəmiyyətlidir.

“NATO-nun tərəfdaşı kimi, Azərbaycan nəinki öz hərbçiləri ilə, o cümlədən daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verir. NATO üçün daşımaların dörddəbir hissəsindən çoxu Azərbaycan vasitəsilə həyata keçirilir. Bu, ilk növbədə bizim məramımızı nümayiş etdirir, ikincisi isə, Azərbaycan ilə Avratlantik təsisatları arasında münasibətlərin göstəricisidir”, - prezident deyib.

  • Yazılıb
  • da (də) 2011 Jul 22