“Hazırda cəsədlər Kabil şəhərindəki “Davudxan” xəstəxanasındadır, zəruri sənədləşmə aparıldıqdan sonra qısa müddətdə Azərbaycana göndəriləcək”
well/Aran agentliyi
Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olmuş ekipaj üzvlərinin cəsədlərinin qalıqları tapılıb.
Bu barədə APA-ya Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə olunmuş səfirliyinin katibi Çingiz Qəribli məlumat verib. O bildirib ki, meyitləri Əfqanıstan Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi geniş əməliyyat nəticəsində tapmaq mümkün olub: “Bizim Əfqanıstan tərəfinə çoxsaylı müraciət və notalarımızdan sonra DİN əməliyyat keçirdi”.Ç. Qəriblinin sözlərinə görə, meyitlərin götürülməsi prosesində təyyarənin məxsus olduğu “Silk Way” şirkətinin əməkdaşı Elnur Məsimov da iştirak edib: “Hazırda cəsədlər Kabil şəhərindəki “Davudxan” xəstəxanasındadır. Zəruri sənədləşmə işləri aparıldıqdan sonra ən qısa müddətdə cəsədlər Azərbaycana göndəriləcək”.Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.
Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.