Biz iki ölkənin işinə müdaxilə etmirik, lakin Azərbaycanın milli maraqlarına ziyan dəyəcəyi halda, reaksiya vermək hüququnu özümüzdə saxlayırıq. Bunu cümə ...
well/Aran agentliyi
Biz iki ölkənin işinə müdaxilə etmirik, lakin Azərbaycanın milli maraqlarına ziyan dəyəcəyi halda, reaksiya vermək hüququnu özümüzdə saxlayırıq. Bunu cümə günü Trend-ə XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev erməni KİV-in Yerevan-Van reysinin açılmasının mümkünlüyü barədə məlumatını şərh edərkən bildirib.
"Azərbaycan XİN hadisələrin gələcək inkişafını izləyir və gələcək ssenaridən asılı olaraq reaksiya verəcək", - Abdullayev deyib.
Vanın Ticarət-Sənaye Palatası Şurasının rəhbəri Abdulla Tuncdəmir bu gün Yerevanda bildirib ki, sentyabrın 11-də ilk Yerevan-Van birbaşa reysi həyata keçirilə bilər.
"Əgər hər şey plana uyğun gedərsə, onda sentyabrın 11-də Yerevanla Van arasında müntəzəm hava nəqliyyatının başlancığını qoyacaq birinci reys baş tutacaq", - o deyib.
Tuncdəmir Vandan Yerevana gələn 30 iş adamından ibarət nümayəndə heyətinə rəhbərlik edir.
"Türkiyə tərəfi Yerevan-Van birbaşa reysini açmağı planlaşdırır, hazırda bunun üçün hazırlıq işləri görülür", - Trend-ə Vandan telefonla Türkiyə Turizm Assosiasiyası administrasiyasından bildiriblər.
"Əvvəlcə çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır. Əgər hər şey plan üzrə getsə, Yerevan-Van birbaşa reysi başlayacaq", - mənbə bildirib.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin pozulmasına və sərhədlərin bağlanmasına 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və erməni tərəfinin Türkiyənin Anadolu vilayətinə olan ərazi iddiaları səbəb olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.