Tarix : 2011 Jul 24
Kod 24263

Əliyev antisisteminin çöküşü

Hakimiyyətin tükəndiyini göstərən nəzəri və faktiki məqamlar haqqında...
well/Aran agentliyi

Hakimiyyətin tükəndiyini göstərən nəzəri və faktiki məqamlar haqqında...

AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə 2 il həbs verildi. Aprel məhbuslarının məhkəmələri hakimiyyətin daxili gərginliyinin bariz ifadəsi kimi qalmaqdadır.

Göründüyü kimi, iqtidar proseslərin birbaşalılığını və geridönməzliyini artıq tam dərk edib. Baş verənlər isə sadəcə, daha strateji təhlükənin qarşısını almağa cəhddir. Söhbət iqtidarın əhalinin böyük narazı təbəqəsinin etirazçı təbəqəyə çevrilməsindən ehtiyatlanmasından gedir. Bu ehtiyatlanmanın başlıca faktorlarından biri müxalifətin hər dəfə gözlənilmədən meydanlara çıxmaq və etirazı ifadə etmək imkanıdırsa, digər başlıca səbəb də xalqla yandırılmış körpülərin bərpasının mümkünsüzlüyüdür. Hakimiyyət artıq daxili qərarını verib. Bu qərar təbii ki, qeyri-rəsmi və hazırkı çıxılmazlığın davamına xidmət edən addımdır.

Azərbaycan hakimiyyəti ictimai rəyin tamamilə öz əleyhinə olduğuna əmin olduğu kimi, dövlət aparatının da tam nəzarətdə olmadığına əmindir. Misirdə, Yəməndə, Liviyada və Suriyada baş verənlər göstərdi ki, bu cür hakimiyyətlərin laxlamasında başlıca maraqlı qüvvələr elə həmin hakimiyyətin bürokratik və qeyri-siyasi aparatıdır. Azərbaycan hakimiyyəti də təbii və instinktiv olaraq, öz xələflərinin yolunu gedir. Çünki demokratiyaya keçid barədə düşünmədikcə, diktaturanın zahirən bərkiməsi və daxilən yenidən çürüməsi davam edir.

 

Mitinqlərə “YOX”

Hakimiyyət 2005-ci ildən sonra açıq şəkildə ölkədə siyasi fəaliyyəti gözdən salan iş apardı. Bunun nəticəsi kimi, biz siyasi partiyaların işinin iflic edilməsi üçün dövlət siyasətini gördük. Amma bu qorxunun ən bariz ifadəsi xalqa, zəif olduğu, məhv olduğu təlqin edilən müxalifətə mitinq meydanının verilməməsidir. Ölkədə bütün həbslər, siyasi hüquqpozmalar guya, güclü və qüdrətli olan hakimiyyətin “zəif və sönməkdə olan” müxalifətə mitinq meydanı verməməsidir. Hakimiyyətin bu arqumenti ilə addımları arasındakı fərq isə ya özünüifşadır, ya da qəti siyasi səbatsızlıq.

Hakimiyyət Ictimai Palatanın mitinqlərinə meydan verməməkdən başqa, həm də ölkədə fəaliyyət göstərən otel və konfrans salonlarına bu təşkilatla əmakdaşlığı faktiki qadağan edib. Bu qadağa beynəlxalq təşkilatların diqqətində qalan məsələlərdən biridir. Amma daha maraqlı fakt odur ki, AXC-nin yaranmasının 22 illiyinə həsr edilmiş tədbirə həm razılıq verildi, həm də verilmədi. Hakimiyyət bu addımıyla bir daha gərginlikdən çıxa bilmədiyini və böhranın dərinləşdiyini gizlədə bilmədi. Beynəlxalq təşkilatlar və səfirliklər bir daha ciddi diplomatik çabalara əl atdılar, amma nəticəsi olmadı. Azərbaycanın müstəqilliyinə imza atmış təşkilat yaranma gününü qeyd etmək üçün hakimiyyətdən yer ala bilmədi.

Bu təkcə, baş verən növbəti hadisə deyildi. Sovet totalitarizminin bərpası istiqamətində növbəti mərhələ idi. Artıq nəinki küçələrdə, heç qapalı salonlarda da azad fikir, müxalif düşüncə ifadə oluna bilməz. Ən başlıca səbəb isə odur ki, bu səslər ölkənin birinci şəxsinin başına düşür. Onun əsəbləri artıq ciddi korlanıb və dözmür.

Belə görünür ki, artıq FM tezlikləri alınmış xarici radioların internet saytları da ciddi təhlükə qarşısındadır. Çünki xeyli zəifləmiş hakimiyyət üçün bu xeyli zəiflədilmiş media da artıq ciddi təhlükədir.

 

Sistem dağıldı, sistem qurulmadı...

Heydər Əliyevin hakimiyyəti onun siyasi və əməliyyat imkanlarına hesablanmış avtoritar şəbəkədən ibarət idi. Onun hakimiyyəti illərində bütün problemlərlə bir şəxsin məşğul olduğu barədə fikirlər sürətlə yayılır və hər kəsə “öz işilə məşğul olması” tövsiyə olunurdu. Ilham Əliyev hakimiyyətə gətiriləndən sonra isə atadan qalma sistem yavaş-yavaş çürüməyə başladı. Bunun qarşılığında isə yeni sistem yaranmadı. Yeni sistemin yaranmamasının başlıca səbəbi isə Ilham Əliyevin bir fərd kimi antisistem düşüncəsinə malik olmasıydı. Onun üçün heç vaxt mərkəzləşdirilmiş hakimiyyət və ölkəyə nəzarət prinsipi olmayıb. Ilham Əliyevin hakimiyyətində başlıca şüar belədir: “Heç kim heç nəyə cavabdeh deyil”.

Bu prinsip hakimiyyət daxilində atadan qalma ixtilafların canlanmasına əməllicə meydan verdi. Və Ilham Əliyev hakimiyyəti indi ən xırda bir imkanın xalqa, onu devirmək üçün bəs edəcəyinin fərqindədir. Cəmiyyətin geniş kütlələrinin izləməyə imkanı olmasa da, bu bir həqiqətdir ki, iqtidardaxili mübarizələr hakimiyyətin “beyin təzyiqinin” ciddi şəkildə düşməsinə səbəb olub. Bu isə Ilham Əliyev antisisteminin çöküşünün dəyişməz ilkin şərtidir.

Azadlıq

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 24