Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi
well/Aran agentliyi
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi.
İclasda dövlət başçısı bildirib ki, bu müddət ərzində ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunubdur. Sevindirici hal isə ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində aparılan islahatların nəticəsidir. Çünki əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır.
Onun sözlərinə görə, kənd təsərrüfatında artım yaxşıdır - 6,2 faiz. "Bu da yaxşı göstəricidir. Əhalinin pul gəlirləri 17 faiz artmışdır. İnflyasiya isə cəmi 8,8 faiz artmışdır. Bu da onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait
yaradılmışdır. Bir sözlə, ölkəmizin ümumi inkişafı bu altı ayda çox uğurlu, dinamik olmuşdur.
Əliyevin sözlərinə görə, son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir.
Xatırladaq ki, ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əhalinin məşğulluğu və işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda müşavirə keçirmişdi və orada bildirilmişdi ki, 2011-ci ilin yanvar ayında ölkədə əhalinin adambaşına gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz, muzdla işləyən işçilərə hesablanmış orta aylıq əmək haqqı isə 9,5 faiz artıb. Yoxsulluq səviyyəsi bir qədər də azalaraq 9,1 faizə düşüb.
Maraqlıdır ki, Dünya Bankının Azərbaycan R. da daxil olmaqla bir sıra ölkələr üçün müəyyən etdiyi normaya əsasən Azərbaycanda yalnız rəsmi statistik məlumatlara görə 1 400 000 vətəndaş işsizdir .
Bunula belə, prezident İlham Əliyevin sözlərinə görə, regionlarda, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılıb, son illər ərzində 1 milyona qədər yeni iş yeri açılmışdır.
Bəzi iqtisadçı-ekspertlərin fikrincə, Nazirlər Kabinetində səslənən rəqəmlər real gercəkliyi əks etdirmir. Ona görə ki, istər insanların həyat səviyyəsinə, istərdəsə də ÜDM-nin artım tempinə dair səslənən rəqəmlər düzgün hesablanmır, onlar şişirdilir. İqtisadçı Nemət Əliyevin fikrincə, ölkə iqtisadiyyatı son illər geriləməyə doğru gedir. Dövlət büdcəsi neft sektorundan asılı vəziyyət düşüb, 1,7 milyon nəfərin çalışdığı aqrar sektorda vəziyyət ağırlaşıb. Torpaqlar sıradan çıxmaq üzrədir. Neft gəlirləri əhali arasında bərabər şəkildə bölüşdürülmür. İnsanların pul gəlirlərinin artımında ciddi nöqsanlar üzə çıxıb. İnflyasiya cüzi maaş artımını üstələyir. Ona görə də Nazirlər Kabinetinin iclasında səslənən artım reallığı əks etdirmir.
Ekspertin fikrincə, nə qədər ki, sadalanan problemlər qalacaqsa, yoxsulluq səviyyəsi bir o qədər yüksələcək. O qeyd edir ki, Bakı ilə regionlar arasında kəskin ziddiyyətlər yaranıb. Əgər zidiyyətlər, bahalaşama səviyyəsi böyüyübsə, deməli yoxsulluq azalmayıb. Əksinə daha da dərinləşib. 1 milyon iş yerinin açılması ilə bağlı deyilənlərə kimsəni inandırmaq mümkün deyil. Bir yeni iş yeri açılıbsa, çoxlu sayda iş yerləri də bağlanıb. Son 7 ildə işsizlik səviyyəsi yüksəlib, əhalinin pul gəlirləri azalıb, inflyasiya artıb. Bunlar isə yoxsulluğa təsir edən amillərdir.