Tarix : 2011 Jul 26
Kod 24306

HİCABA GÖRƏ TOPLANAN İMZALARIN SAYI 90 MİNİ KEÇDİ

Zərdüşt Əlizadə: “Uğurlu keçən imzatoplama kampaniyası məndə əminlik yaradır ki, bu, daha təsirli vasitədir”
well/Aran agentliyi

Orta məktəblərdə hicab qadağasının ləğv olunması üçün bu ayın əvvəlində start götürmüş “Prezidentə 100 minlik müraciət” imzatoplama kampaniyası sona yaxınlaşmaqdadır. Belə ki, artıq kampaniya çərçivəsində nəzərdə tutulan 100 min imzanın böyük əksəriyyəti, daha dəqiqi 90560-ı toplanıb.

Eyni zamanda kampaniya davam etdikcə ictimaiyyət nümayəndələri, ziyalılar, mədəniyyət, elm və din adamları aksiyaya dəstək nümayiş etdirirlər. Politoloq, tanınmış ekspert Zərdüşt Əlizadə “deyerler.org” saytına açıqlamasında imzatoplama kampaniyasını vətəndaş fəallığının göstəricisi kimi qiymətləndirib: “Vətəndaşların belə bir imzatoplama kampaniyası - əsl, həqiqi demokratik vətəndaş fəallığının nümunəsidir. Ölkədə Konstitusiyaya hörmət edilmir və sərbəst toplaşmaq hüququ əməli olaraq ləğv edilmişdir. Belə olan şəraitdə iki yol var: ya küçələrə çıxılmalıdır - bir neçə min adam küçəyə çıxır, onlar polis tərəfindən tutulurlar, döyülürlər, şərlənirlər. Digər yol isə budur ki, vətəndaşlar öz istəklərini, iradələrini imza toplamaqla bildirirlər. Bu gün uğurlu keçən imzatoplama kampaniyası məndə əminlik yaradır ki, bu, daha təsirli vasitədir. Hakimiyyətin buna necə reaksiya verəcəyinə gəlincə, o, bir neçə faktordan asılıdır. O cümlədən, imzaların sayından, zaman faktorundan asılıdır. Əgər qısa bir zamanda yüz mindən artıq imza toplanacaqsa, bu, ağıllı olan hakmiyyət üçün bir zəngdir”.

Qeyd edək ki, ilahiyyatçılar Yasamal rayonu Fatiməyi-Zəhra (s.ə.) məscidinin axundu Hacı İlqar Rəcəbov, Sumqayıt şəhəri, Corat qəsəbəsi dini icmasının sədri Hacı Sahib Məmmədov, Nardarandakı “Həzrət Rəhimə xanım (s.ə.)” ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov, “Mənəvi saflığa dəvət” İB-nin sədri Hacı Elşən Mustafaoğlu, o cümlədən hərbi ekspert Yaşar Cəfərli, digər tanınmış ictimaiyyət nümayəndələri, din adamları kampaniyaya dəstəklrini bildiriblər. 

Kampaniyanın təşkilatçısı olan Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu imzaların sayının çox olmasını Allahın lütfü adlandırıb. Sitat: “Bu, Allahın bir lütfüdür. İmzaların sayının özlüyündə çox olmasından başqa, qısa bir müddətə sürətlə yığılması - özü də bir göstəricidir. Həm də nəzərə alınmalıdır ki, yaydır və insanların çoxu şəhərdə yoxdur. Demək olar ki, əksər inanclı çevrələr kampaniyaya nəinki sadəcə dəstək oldular. Belə deməklə zəhmətləri kiçiltmiş olarıq. Qardaşlar hamısı kampaniyanı özlərinki bildilər, ixlasla imza topladılar. Bu kampaniya bir neçə şeyi bir daha sübut elədi. İxlas, əzmkarlıq, sistemlilik və vəhdət olan yerdə hər şeyə nail olmaq olar”.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 26