İyul ayının 27-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənilir. Qeyd edək ki, bu səfər türkiyəli nazirin yeni dönəmdə xaricə ikinci səfəridir
well/Aran agentliyi
İyul ayının 27-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənilir. Qeyd edək ki, bu səfər türkiyəli nazirin yeni dönəmdə xaricə ikinci səfəridir. Səfər zamanı hansı mövzuların müzakirə ediləcəyi haqda dəqiq məlumat əldə olunmasa da, ekspertlər bəzi ehtimallar irəli sürürlər. Politoloq Vəfa Quluzadə düşünür ki, görüş zamanı bütün əhəmiyyətli məsələlər müzakirə olunacaq: “ Görüş zamanı bütün əhəmiyyətli məsələlər müzakirə olunacaq. Lakin bu o demək deyil ki, bütün müzakirə olunan məsələlər mütləq həll olunacaq. Məsələn, Qarabağ məsələsi müzakirə olunancaq. Lakin hələlik Qarabağı Rusiya işğal edib. Ona görə də Rusiya bu məsələni həll edənə qədər onun həlli yoxdur. Bundan sonra qaz məsələsi, qiymətləri, viza məsələsinin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq. Hətta bizim bilmədiyimiz bir çox məsələlər də müzakirə mövzusu olacaq”.
“Deyerler.org”: “Rusiyanın Qəbələ RLS-in istifadəsi ilə bağlı müqavilə müddəti bitib. Belə bir fikir də var ki, Türkiyə RLS-dən istifadə edə bilər. Belə bir razılaşma əldə edilə bilərmi?”
Politoloq Vəfa Quluzadə: “Hesab edirəm ki, bu mövzuda məsləhətləşmələr ola bilər. İki qardaş arasında hər şey haqqında danışmaq olar. Amma RLS-in Türkiyəyə dəxli yoxdur. RLS-in Azərbaycan-Rusiya və ABŞ-Azərbaycan-Rusiyaya aidiyyatı var. Əgər ABŞ onun əleyhinə olsaydı, bizə təzyiq edərdi ki, onu bağlayın. Amma bu, ABŞ-ın vecinə deyil, çünki həmin qurğu köhnə bir şeydir. Öz növbəsində Rusiya hesab etsə ki, yeni tikdikləri RSL-lər artıq öz vəzifəsini yerinə yetirə bilirsə və Qəbələ RLS-ə ehtiyac yoxdur, o zaman Rusiya özü ondan imtina edəcək. Ancaq Rusiya RLS-ə ehtiyac duyacaqsa, Azərbaycan Rusiyadan asılı olduğu üçün, yəni 20 faiz torpaqlarının Rusiyanın işğalı altında olduğu üçün yenə də Rusiyanın istifadəsində qalacaq”.
/Deyerler.org/